Martın 14-də Sabir Sarvanın vəfatının ildönümü qeyd olunacaq.
Sabir Sarvan 40 illik ədəbi fəaliyyətində, bir-birindən rəngarəng poetik nümunələr ərsəyə gətirib, cəmiyyətdə çox məşhur olmasa da, yaradıcı şəxslər arasında sayılıb-seçilən şair olub. S.Sarvan Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt filialında çalışıb, bu filialın qurulmasında fəal iştirak edib.
Sabir Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir. Şair 2017-ci il martın 14-də vəfat edib.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sabiq sədri, tanınmış şair Sabir Sarvanın şeirlərini təqdim edirik.
YAŞIDIM BİNA
Sumqayıtda
yaşıdım olan bir bina var,
Binəsi mən doğulan ili
qazılıb,
Alnının ortasına
1956 yazılıb.
Dər - divarında rüzgarın izləri,
Gecələr par - par yanır
pəncərə gözləri.
Harda olsam,
Harda yaşasam da yenə
O bina alın yazısından
bir köynək daha yaxındır mənə.
İki yol ayrıcında,
daş qüruruyla dayanıb
yaşıdım,
Elə bil arşın udub.
Bənnalar onun kərpiclərini
atıb - tutanda,
Anam da məni qucağında atıb - tutub.
Sumqayıtda
yaşıdım olan bir bina var,
üst mərtəbələri insan yuvası,
altında mağazalar,
bir də bir ovçu dükanı,
balaca.
İntihar fikrinə düşsəm,
silahı o dükandan alacam.
Sumqayıtda
yaşıdım olan bir bina var,
Orta boylu,
qaraqabaq bir binadı.
Yer qaçmasa ayağının altından,
Olmasa özgə bir qəza - filan
bizdən tüstülü xatirələr
danışmaq sarıdan ümidim
təkcə onadı.
ÇALDIRAN AĞRISI
Necəsən, dərdimi deyəm,
Dağ ərisin, daş yerisin.
Vay o günə, dəli başla,
Üstünə qardaş yerisin.
Heç yana çatmasın əlin,
Alışsın ağzında dilin,
O tərəfdən Sultan Səlim,
Burdan Qızılbaş yerisin.
Açılsın əllərin göyə,
Allah da durmasın yiyə.
«Zalım qardaş» deyə - deyə
Diyirlənsin, baş yerisin.
Oyan gürzünə tarixin,
Çaxıl gözünə tarixin,
Tüpür üzünə tarixin,
Qoyma bu vərdiş yerisin.
GEDİRSƏN
Gözəllərin bir yolu var,
O yolu tutub gedirsən.
Huşumu başımdan alıb,
Gözümdə bitib gedirsən.
Alışır yaxında nə var,
Bilmirəm ahımda nə var,
Oyadıb ruhumda nə var,
Könlümə yatıb gedirsən.
Papağı yandırdım günə,
Gəlmədin imana, dinə.
Qırmızı geyinib yenə
Qanıma batıb gedirsən.
QARABAĞLI UŞAQ
Səhər al qanla açılır,
Quşlar göydən
ölü düşür.
Alışmır güllə səsinə
Budaq qorxur,
gülü düşür.
Saçı dağılıb alnına,
Sıyrım - sıyrım olub dizi.
Gözlərinin qabağında
Anasının qanlı üzü,
Qaçır qarabağlı uşaq.
Dərd gələndə tək - tək gələr,
Dərd gələndə qoşa gəlməz.
Bir bu qədər xata, bəla
Ağıla gələr, başa gəlməz,
sanı yoxmu?!
Aşağıdan yer qalxıb,
Yuxarıdan göy enib,
Qışqırığı boğazına,
Gözləri haqqa dirənib,
sonu yoxmu?! -
Qaçır qarabağlı uşaq.
Axarı sınmış ömürlər,
Zülümdən bezar könüllər,
Ağ alnında qara qada,
Hara qaçsın bu dünyadan?!
Ayaqları heydən düşüb,
Şişib
alnının damarı,
İnsanlar ee...y,
sizə sarı,
Qaçır qarabağlı uşaq.
HARA APARIRSAN
Günəş güzgüsünü əlindən salıb,
Çiçəklər rəngini rəngindən alıb.
Şəhərə çıxmısan, daş heykəllər də
Arxanca boylana - boylana qalıb, -
Hara aparırsan
bu gözəlliyi?
Heyrətdən bir kəlmə danışan da yox,
Bu qəfil sükutla barışan da yox,
Kəsib qabağını soruşan da yox:
- Hara aparırsan
bu gözəlliyi?
Şəhərə aydınlıq üzündən düşüb,
Sığallı xanımlar nazından düşüb,
Yanıqlı - yanıqlı baxır kişilər,
Çoxunun arvadı gözündən düşüb,-
Hara aparırsan
bu gözəlliyi?
Bu sevda başımdan sovuşan deyil,
Bu gözlər üzündən yığışan deyil,
Onsuz da heç yana sığışan deyil, -
Hara aparırsan
bu gözəlliyi?
QAN
Qana bələyirlər bizim elləri,
Qan deyir torpağı,
Daşı Vətənin.
Üzündə - gözündə qəm yuvalanıb,
Çəkir qovğaları başı Vətənin.
Şeytan ocağına, şər ocağına
Bəlli yelpiklərin küləyi gəlir.
Susuram,
sinəmi deşir ürəyim.
Dinirəm,
ağzımdan qan iyi gəlir.
Bu yurd
neçə dəfə qana çəkilib,
Quruyan dəniztək sinib özünə.
Axtarsan
Vətənin sərhədlərini,
Düş tarix boyunca qanın izinə.
Torpağı bölündü yağlı tikə tək
Bu millət içindən sındı beləcə.
Hər gedən
gecədə bir itiyi var,
Hər gələn
səhərı qandı beləcə.
Gərək qan bağlaya şairin sözü,
Şair əllərini qandan gen tutub.
Gör hansı zamandı,
gör hansı vaxtdı
Mən qana çapıram,
məni qan tutub.
***
Gör hansı fəsildə durub gəlmisən,
Üşüyən budaqlar gün axtaranda.
Quşların hamısı köçüb gedəndə,
Sərçələr soyuqda dən axtaranda.
Buyur, gəl içəri, qapıda durma,
Keçən çoxdan keçib, özünü yorma.
Mən belə oluram, sən fikir vermə,
Bir çətin söhbətə yön axtaranda.
Ürəyim sonuncu yarpaqtək əsir,
Nə həsrət istəyir, nə sevgi gəzir.
İllərlə yolunda durdum müntəzir,
Bəs niyə gəlmədin mən axtaranda?!
DÜŞMAN
Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
Qarışıb rəngləri, dünyanı daha,
Təkcə ağ - qaraya bölmək çətindi.
Ömrüm uzun çəkdi, düşman qazandım,
Düşman qazandınsa, ölmək çətindi.
Qoymaz gecələri çimir etməyə,
Bəlkə də o məndən sayıqdır ancaq.
Bir gözüm yuxuya getsə də mənim,
Bir gözüm həmişə oyaq qalacaq.
Qalmışıq göz - gözə, səngər - səngərə,
Belə qalasıyıq son günə kimi.
Düşmanlı adamın çıxır ağzından,
Sonuncu nəfəsi son güllə kimi.
Vaxtında ölmədim, indi də gecdi,
Hər nədi bu ömrü yaşayam gərək.
Çox da ki gözlərim doyub dünyadan,
Çox da ki soyuyub sinəmdə ürək.
BİR DƏ GÖRDÜN
Sən mənim acı dilimdə
Bal kimi qərar tutmusan.
Lalə tək yanan qəlbimdə
Xal kimi qərar tutmusan.
Həsrətin çağlar içində,
Sabirin ağlar içində,
Çəkdiyin dağlar içində,
Göl kimi qərar tutmusan.
Sevən sevdiyindən dönməz,
Xəyalları Yerə enməz,
Qarşımda bitməz - tükənməz,
Yol kimi qərar tutmusan.
Birdəfəlik canı istə,
Dolanırsan bu həvəsdə,
Bir də gördün qəbrim üstə,
Gül kimi qərar tutmusan.
ÇAĞIRIŞ
Bu şeir ötən əsrin 80-ci illərində atom müharibəsi təhlükəsinin artığı bir zamanda yazılıb. Nə qədər ki, o silah var mən bu şeiri aktual hesab edirəm.
Bu günlər söhbətimiz daha uzun,
üzümüz daha məhzun,
başımız daha ayıq.
Bu günlər bir dərdin ayrı üzləritək
yaşayırıq.
Hər şeyə doymadan
baxır gözlərimiz.
Ağır daş kimi
asılır dodağımızdan
sözlərimiz.
Bu günlər dünya böyük nəhr kimi
qımıldanmada,
tərpənişdədir.
Analar təşvişdədir.
Gəlin anam soruşur məndən:
- Adı nədi, bala, onun,
atsalar qaçıb bir yanda
gizlənmək olmaz?
Üzünə baxmıram.
Dua pıçıldayantək,
özümçün qorxmuram,
deyir.
Bərəkətli əlləri qoynunda,
ürəyinin içini yeyir.
Ürəyinin içini yeyir analar,
Evlərimizdə beşik,
qəlbimizdə əbədi ümid var.
Böyük evimiz
qarpız kimi diyirlənməmiş
mavi bir dərədən,
Dayanıb baxmayaq,
yağışa baxantək pəncərədən.
Gecikən atdan salınır.
Dünən keçmişdir,
Bu günün haqqı
bu gün alınır.
Heçlik qalın toz kimi
sinəmizə enməmiş,
Ölüm
minməmiş yəhərli atına
Özgə işləri atıb,
əl - ələ tutub
yığışmaq gərək
İNSAN təbəssümlü
bir bayrağın altına.
***
Sənə məktub yazam təzə görüşçün,
Köhnə araçıya iş düşə yenə.
Dayanaq göz - gözə, nəfəs - nəfəsə,
O fürsət əlimə kaş düşə yenə.
Duyam ki, varınam, yoxunam sənin,
Hər gecə masmavi yuxunam sənin,
Bilmədən qəlbinə toxunam sənin,
Ovcuma mirvari yaş düşə yenə.
Gizlin baxışlardan yamanlıq sezək,
Söz üstə söz qoyan dillərdən bezək,
Fikirli dolanaq, uzaqdan gəzək,
Qəfil aralığa qış düşə yenə.
Mən sonra inandım bir həqiqətə,
Cəsarət yetirir ilk məhəbbətə.
Elə istəmirəm bu nağıl bitə,
Göylərdən başıma daş düşə yenə.
BAHARA ALDANAN ŞAİR
Rəsul Rzanın xatirəsinə
Aparırdıq bahara aldanıb
gedən şairi,
Göynəyirdi yanaqlarımızda
gözümüzdən çıxmayan
iki damla yaşın yeri.
Su üzündə
yarpaq gedən kimi
gedirdi, gedirdi çiynimizdə -
Təzəcə qopmuşdu budağından.
Buğlanan
yorğan torpağın,
nəfəsini duyub gedirdi.
Könül verib sevdiyi
böyük dərdləri
qoyub gedirdi.
(Böyük ürəklər
Böyük dərdləri sevir
hər şeydən öncə)
Gedirdi,
Gedirdi beləcə,
bu bir,
bu iki,
bu da...
Sonuncu addım.
...Evdə şəklinə baxdım
ölənə oxşamırdı
şəkildən baxan adam.
FƏXRİYYƏ
Zamanı gələndə,
göylərdən gələr
Ruhuma ruzudu mənim yazdığım.
Bir azca saralıb - solan qürubdu,
Bir az dan üzüdü mənim yazdığım.
Nur kimi təzədi -
vədələr bilməz
Tənqiddən - təftişdən hədələr bilməz.
Yüz eynək dəyişsin, gədələr bilməz
Paşa,
xan sözüdü mənim yazdığım.
Nə olsun,
dolaşmır dildə - ağızda,
Gözləyib cücəni sayaq payızda.
Mürəkəb ha deyil bəyaz kağızda,
Qarda qan izidi
mənim yazdığım.
QAYITMIR
Hüseyn Əfəndinin xatirəsinə
Durub ha çağırım gündə yüz kərə,
Qara torpaqlarda yatan qayıtmır.
Bə sənin yenrinə mənmi utanım? -
Utan, azğın fələk, utan, qayıtmır.
Bu «yarpaq tökümü» başlandı nədən,
Gəlir ayrılıqlar, dostlardı gedən.
Qara sevdalarmı bizi qəhr edən? -
Bəllidi, bu yolu tutan qayıtmır.
Nə yaman gətirdi il bəlaları,
Uçurub aşırdı sel qalaları.
Səni istəyəndə gül balaların
Kim qıyıb deyəcək: - atan qayıtmır.
Hanı qəlbi şüşə, baxışları şən,
Mənimlə çörək yox, ürək bölüşən.
Qor kimi dünyanın gözünə düşən,
Nur kimi gözümdən itən qayıtmır.
Bilməzsən ürəyim nə haray çəkdi,
Dinib - dilləndikcə dilim vay çəkdi,
Təni torpaq aldı, ruhu göy çəkdi,
Belə mərtəbəyə yetən qayıtmır.
RAHAT YAT
Rahat
yat,
Qapandı gözlərin
bir ovuc torpaq deyə.
Qovuşdun artıq
ulduzlu gecələrdə duyduğun
qədimliyə.
Qolların quru budaqdır indi
Yaddaşın ağ
varaq.
Rahat
yat,
Heç vaxt bu qədər
sənin olmayıb torpaq.
Gəldin,
varıydı,
Getdin,
davam edir həyat.
Beşikdəsənmiş kimi
Rahat uyu, rahat.
(Modern.az)