Ermənilər Gürcüstanın paytaxtı Tislislə bağlı yenidən iddialar səsləndirməyə başlayıb. Belə ki, Tiflisin qədim erməni şəhəri olduğunu vurğulayan ermənilər, bu şəhərin qədimdə “Tpxi” adı daşıdığını qeyd edib.
Maraqlıdır, ermənilərin istər Gürcüstan, istərsə də Türkiyəyə qarşı səsləndirdiyi ərazi iddialarından rəsmi Bakı ermənilərin təcavüzkar, işğalçı təbiətini ifşa etmək üçün istifadə etməlidirmi?
Moderator.az-a açıqlama verən politoloq Fikrət Sadıqov Azərbaycan, Gürcüstan və Türkiyənin erməni iddialarına qarşı birgə mübarizə aparmasının vacibliyini vurğulayıb:
“Ermənilərin ən böyük xülyası “Böyük Ermənistan”ın yaradılmasıdır. Onların siyasi partiyalarının proqramlarında bu, açıq şəkildə öz əksini tapıb. Onlar iddia edir ki, guya qədim tarixin hansısa mərhələsində böyük Ermənistan olub və indi bu Ermənistan bərpa olunmalıdır. Onlar bunu Azərbaycanın, Gürcüstanın, Türkiyənin və digər dövlətlərin hesabına formalaşdırmaq niyyətindədirlər.
Azərbaycan üçün ermənilərin bu iddiası yeni bir şey deyil. Azərbaycan dəfələrlə ermənilərin bu əsassız və təhlükəli iddiasına diqqət çəkib. Dağlıq Qarabağda erməni separatist rejimi uzun illərdir ki, fəaliyyət göstərir. Bu separatist rejim bəzi dairələr tərəfindən təəssüf ki, dəstəklənməkdədir.
Gürcüstan da erməni iddialarına qarşı qəti, prinsipial şəkildə mübarizə aparmalıdır. Konkret bəyanatlar verməlidir. Cavaxetiya vilayətinə də ermənilər iddia irəli sürür və bu vilayətin onlara məxsus olduğunu bildirir. Gürcüstan bu iddiaların nə qədər təhlükəli olduğunu dərk etməlidir. Lakin bəzi hallarda görürük ki, Gürcüstan Ermənistanın başını sığallayır, onlarla qonşuluq siyasətini davam etdirir, müxtəlif münasibətlər qurur və s. Bu, həm Gürcüstanın, həm də digər dövlətlərin marağına zərbədir. Türkiyə isə artıq erməni təhlükəsini dərk edib. Sürix protokollarının ləğv edilməsi buna nümunədir.
Hesab edirəm ki, erməni təhlükəsinə qarşı Azərbaycan, Gürcüstan və Türkiyə birlikdə mübarizə aparmalıdır. Bu istiqamətdə sistemli iş aparmaq adını çəkdiyim hər üç dövlətin marağına uyğundur”.
Seymur Əliyev