“Həmişə öz mədəniyyətinə, şəxsiyyətinə hörmət edən bir insandır. Onun haqqında ancaq yaxşı sözlər deyə bilərəm”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Mənsum İbrahimov bu gün doğum günü olan həmkarı və uzun müddət tərəf müqabili olmuş Xalq artisti Nəzakət Teymurova haqqında danışarkən deyib:
“Təbii ki, Nəzakət xanım uzun illər mənim tərəf müqabilim olub, biz opera səhnəsində “Leyli və Məcnun”da bir səhnəni bölüşmüşük. Sözün əsl mənasında Nəzakət xanım opera səhnəsində iyirmi bir il Leylini oxudu və deyərdim ki, o rola qızıl hərflərlə adını yazdı. Həm onun gözəl, təbii səsiylə, həm də Leylini gözəl ifa etməyi ilə xalqın sevimlisinə çevrildi.
Onun yaradıcılığı çoxşaxəlidir. Biz onunla dəfələrlə xarici ölkələrdə, bölgələrimizdə konsertlərdə olmuşuq. Gözəl yol yoldaşlığı var, çox yüksək mədəniyyətli sənətkardır. 1995-ci ildən Nəzakət xanımı tanıyıram. O, bu sənət üçün yaranan bir sənətkardır. Həmişə öz mədəniyyətinə, şəxsiyyətinə hörmət edən bir insandır. Onun haqqında ancaq yaxşı sözlər deyə bilərəm”.
Vasif Əlihüseyn