Fəzail Ağamalı: “Baş vermiş hadisənin şişirdilərək erməni olan bir nazir səviyyəsində çözülməsi çox biabırçı faktdır”.
Elxan Şahioğlu: “Erməni nazir Azərbaycan səfirliyindəki qalmaqaldan özünün və erməni diasporunun məqsədləri üçün istifadə edəcək”.
Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə bu ölkədəki sabiq səfirimiz Tələt Əliyev arasındakı qalmaqal səngimək bilmir. A.Xudiyevin 2001 - 2010-cu illərdə Ukraynada səfir olmuş T.Əliyevi səfirliyin binasını təmir edərkən böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham etməsi və bununla bağlı Ukraynanın Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa şikayət ünvanlaması məsələni daha da ciddiləşdirib. Artıq T.Əliyevin evində axtarış da aparılıb.
Bütün bunlarla bağlı sabiq səfirimiz mətbuat konfransı keçirərək, ittihamlara cavab verib: “Mən səfir olanda bu adam diplomatım olub. Özünü bəzi hallarda adekvat aparmadığına görə barəsində Azərbaycanın Xarici İşlər Nazirliyinə təqdimat yazmaq məcburiyyətində qalmışam. İndi o, məndən bunun qisasını almağa çalışır. Onun barəmdə şikayət ərizəsi ilə Ukraynanın hüquq-mühafizə orqanlarına müraciət etməsi görünməmiş hadisədir və nəinki bizim, digər ölkələrin diplomatik missiyalarının təcrübəsində də belə hallara heç vaxt rast gəlinməyib”.
Ukraynanın daxili işlər naziri Arsen Avakov ermənilərin katolikosu II Qareginlə
Qeyd edək ki, səfir A.Xudiyev səfirliyin binasında yaranmış çatların səbəbi kimi təmir zamanı yeyintiyə yol verilməsini görür. T.Əliyev isə bu iddianı rədd edərək, binadakı çatlara yaxınlıqda çoxmərtəbəli binanın tikilməsinin səbəb olduğunu deyib: “Mən səfir vəzifəsində çalışarkən səfirliyin binasının yaxınlığında çoxmərtəbəli bina tikmək istəyirdilər. Mən qətiyyətlə buna qarşı çıxırdım. Birincisi, ərazi sürüşməyə meyilli olduğundan, orada böyük bir tikinti işinin aparılması əlavə yükləmələr yarada bilərdi. İkincisi isə, səfirliyin binasına bitişik ərazidə çoxmərtəbəli binanın tikintisi təhlükəsizlik məsələrinə görə də yol verilməz idi. Mən bu tikintinin qarşısını almaq üçün dəfələrlə Kiyev Meriyasına və hətta Ukraynanın Prezident Adminstrasiyasına müraciət etmişdim. İmkan vermirdim ki, orada bina tikilsin. Çoxmrətəbəli binanın binövrəsi dərində olmaldır. Bunun üçün qazıntı işləri aparılmaldır və təbi ki, bu işlər bizim səfirliyin binası üçün təhlükı yaradacaqdı. Eyni zamanda, dediyim kimi, səfriliyə çox yaxın ərazində çoxmərtəbəli binanın tikintisi bizə təhlükəsizliyin təmin olunmasında da problem yaradacaqdı. Çünki həmin binadan səfirliyin bütün ərazisi olduqca aydın şəkildə görünəcəkdi. Oradan istənilən terror aktı üçün istifadə etmək olar. Ona görə də biz həmin binanın tikintisinə yol vermədik”.
T.Əliyevin sözlərindən aydın olub ki, ondan sonra səfir təyin olunmuş şəxslər də sözügedən çoxmərtəbəli binanın tikintisinə imkan verməyiblər. Lakin A.Xudiyev səfir təyin olunandan sonra binanın tikintisinə start verilib və tikinti işləri artıq yekunlaşmaq üzrədir.
İndiki və keçmiş səfirimiz arasında yaşanan gərginlik Milli Məclisin deputatları tərəfindən də diqqət mərkəzinə gətirilib. Millət vəkili Zahid Oruc Ukrayna Baş Prokurorluğuna şikayət ərizəsinin göndərilməsi məsələsinə tənqidi yanaşıb. Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun Azərbaycandan olan rəhbəri Rüfət Quliyev də həmkarının fikirlərini dəstəkləyib.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat” qəzetinə verdiyi açıqlamada yaranmış qarşıdurmanı utandırıcı hadisə kimi dəyərləndirib: “Azərbaycan XİN-in bu məsələ ilə yaxından maraqlanmalıdır. Baş vermiş hadisə və iki diplomat arasında belə vəziyyətin yaranması heç də yaxşı hal deyil. Bu utandırıcıdır. Bizə başucalığı gətirməyən hadisədir. Buna son qoymaq lazımdır. Son qoymaq üçün də xarici işlər naziri məsələyə müdaxilə etməlidir. Xüsusilə Azər Xudiyev ya XİN-ə dəvət olunmalı, ya da hansısa formada onunla söhbət edilməlidir. Baş vermiş hadisənin şişirdilərək erməni olan bir nazir səviyyəsində çözülməsi çox biabırçı bir faktdır. Bu hər birimizi narahat edən bir faktdır. Qətiyyətlə bu vəziyyəti pisləyirəm. Çox istərdim ki, buna son qoyulsun. Azərbaycanın müvafiq strukturları artıq bununla bağlı konkret addımlar atmalıdır”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da “Yeni Müsavat”a bildirib ki, Ukraynada Azərbaycan səfirliyi ilə bağlı qalmaqalın davam etməsi Azərbaycanın beynəlxalq imicinə zərbə vurur: “Azərbaycanın Ukraynadakı indiki və keçmiş səfirlərinin bir-birilərinə qarşı ittiham irəli sürmələri diplomatiyada görülməmiş hadisədir. Əgər indiki səfir Azər Xudiyevin keçmiş səfir Tələt Əliyevin keçmiş fəaliyyəti ilə bağlı narazılığı varsa, bunu Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova bildirməsi kökündən yanlışdır. Avakov Ukraynadakı erməni diasporunun ən fəal nümayəndəsidir. O, Azərbaycan səfirliyindəki qalmaqaldan özünün və erməni diasporunun məqsədləri üçün istifadə edəcək. Bu sadə həqiqəti səfirimizin niyə anlamadığını söyləməkdə çətinlik çəkirəm. Əgər anlamırsa, demək yerində deyil. Tutaq ki, keçmiş səfir hansısa yeyintilərə yol verib. Bunun da həll yolları bəllidir. Hazırkı səfir tabe olduğu XİN-ə müraciət edir və tədbir görülməsini xahiş edir. Bilmirəm, indiki səfirə Ukrayna daxili işlər nazirinə müraciət etməyi kim məsləhət görüb, bunu özbaşına edibsə, səfirin geri çağırılması haqqında qərar vermək lazımdır”.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu