Azərbaycanın işğal edilmiş ərazilərdə qondarma rejimin həyata keçirdiyi iqtisadi layihələrdə bir sıra xarici ölkələrə məxsus şirkətlərin də yer aldığı kimsəyə sirr deyil. Azərbaycan XİN-nin, eləcə də digər əlaqədar qurumların problemin həlli istiqamətdə atdığı bütün addımlara rəğmən, separatçı rejim bu kimi layihələrə zaman-zaman yeni investorlar cəlb edir ki, bu da ölkəmizin beynəlxalq qanunvericiliklə müəyyən edilən hüquqlarının pozulması deməkdir.
Xarici şirkətlərin işğaldakı Azərbaycan ərazilərindəki iqtisadi layihələrdə iştirakını əngəlləmək üçün, rəsmi Bakı bu layihələrə qatılan şirkətlərə qarşı sanksiya və qadağaların tətbiqini gündəmə gətirə bilərmi?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev Azərbaycanın bu istiqamətdə səylərini artırmalı olduğunu qeyd etdi:
“Beynəlxalq prosedura görə bu cür hallarla üzləşən dövlət BMT-yə müraciət edir və Təhlükəsizlik Şurasında ərazi bütövlüyünün pozulması ilə əlaqədar olaraq müzakirə aparılır. Aparılan müzakirələrin nəticəsi olaraq ərazi bütövlüyünü pozan dövlətlərə qarşı sanksiyalar tətbiq edilə bilir. Lakin təəssüflər olsun ki, TŞ-nın Azərbaycanla bağlı 4 qətnaməsi hələ də həyata keçirilməyib. Necə olur ki, İraq və Suriya ərazisinə qoyulan investisiyalarla bağlı BMT dərhal sanlksiya tətbiq edə bilir, lakin Azərbaycan dövlətinin razılığı olmadan Azərbaycan ərazilərinə qoyulan investisiya ilə bağlı heç bir addım atılmır?
Odur ki, Azərbaycan belə bir müraciət eləsə belə, nəyinsə dəyişəcəyini inanmıram. Çünki bu günə qədər beynəlxalq təşkilatlar həmişə Azərbaycana ikili standartdan yanaşıblar. Ancaq bütün hallarda XİN bu kimi hallarla bağlı müraciət ünvanlamalı, eyni zamanda Milli Məclis hər bir hal üçün ayrıca qərar qəbul etməlidir. Avropa Parlamentinə də müraciət faydalı olar. Çünki AŞPA özü də birtərəfli qaydada sanksiya ilə bağlı qərar qəbul edə bilər”.
Seymur ƏLİYEV