Bu günlərdə İkinci Dünya Müharibəsinin başa çatmasından 74 il sonra belə Belçikada 27 nəfər şəxsin 425-1275 avro arasında “Hitlerə Sədaqət Maaşı” alması ilə bağlı xəbərlər yayılıb.
Məlumata görə, sözügedən şəxslər Hitlerə hədsiz sədaqətlərinə görə bu maaşa layiq görülüblər və işin ən qəribəsi faşist Almaniyasının məğlubiyyətindən sonra da bu maaşı almaqda davam edirlər.
Belçika mediasında yayılan bu məlumat həm Belçika, həm də Almaniyada ciddi etiraza səbəb olub.
Moderator.az xarici mediaya istinadən xəbər verir ki, məlum informasiyanın cəmiyyətdə yaratdığı rezonansı nəzərə alan Almaniya hökuməti məsələyə aydınlıq gətirib. Belə ki, Belçika mətbuatında yer alan informasiyanın yalan olduğunu bildirən Almaniya, kimsəyə belə bir maaş ödənilmədiyini bildirib. Alman hökuməti qeyd edib ki, II Dünya Müharibəsi zamanı yalnız Belçikadan zorla Almaniyaya gətirilərək burada məcburən işlədilən bəzi şəxslərə ayda 50 avro məbləğində təzminat ödənilir.
Seymur ƏLİYEV