Qarabağ probleminin həlli ilə bağlı müzakirələrdə münaqişənin həlli ilə bağlı müxtəlif variantlar səslənir ki, bunlardan da biri Ermənistanın ilkin olaraq bir neçə rayonu azad etməsi, digər torpaqların azadlığının isə sonrakı etablarda müzakirəsi ilə bağlıdır.
Maraqlıdır, ilkin olaraq bir və ya bir neçə rayonun azad edilməsi Azərbaycanı qane edə bilərmi? Yoxsa ölkəmiz işğal altındakı bütün torpaqlarımızın qeyd-şərtsiz azad edilməsi məsələsində təkid etməlidir?
Moderator.az-a açıqlama verən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyev torpaqların bəli bir qisminin işğaldan azad edilməsinin ölkəmizi qane etmədiyini vurğuladı:
“Bir və ya iki rayonun qaytarılmasına razılıq vermək bizə xeyir gətirməyəcək. Biz bütün ərazilərimizin azad edilməsi məsələsi üzərində dayanmalıyıq. Necə ki, ölkə başçısı məsələyə məhz bu şəkildə yanaşır və bütün torpaqların azadlığı məsələsini qoyur. Biz bu mövqedən çəkilə bilmərik.
Ermənistan dövləti yeni yarananda onun ərazısı 9 min kv.km idi. İndi isə 29 min kv.km-dir. Işğal edilmiş 20% torpağımızı da bunun üzərinə gəlsək, o zaman ermənilərin qısa tarixi dövrdə nə qədər torpağımızı ələ keçirdiyi aydın olar. Azərbaycanın Sloveniya dövləti boyda ərazisi işğal altındadır. Belə olan təqdirdə hər hansı güzəştdən, geriçəkilmədən söhbət gedə bilməz və biz prinsipiallığımızı davam etdirməliyik”.
Seymur ƏLİYEV