Xəbər verdiyimiz kimi, dünən təmas xəttinin Füzuli hissəsində Kazaryan Aro Xaykoviç adlı erməni əsgəri ağ bayraq qaldıraraq hərbçilərimizə təslim olub.
Düşmən əsgərinin bu addımı erməni ordusundakı vəziyyət, mənəvi-psixoloji durum haqqında nə deyir?
Moderator.az-a açıqlama verən politoloq Tofiq Abbasov baş verənlərin Azərbaycan üçün sürpriz olmadığını vurğuladı:
“Azərbaycana təslim olan erməni hərbçisinin şəkillərindən də bəlli olur ki, distrofiyadan əziyyət çəkir. Bu, fiziki natamamalıq və qidasızlıqdan yaranan bir problemdir. Bunu müəyyən etmək üçün həkim olmağa ehtiyac yoxdur.
Əgər bu hərbçi öz ordusunu qoyub Azərbaycan tərəfinə keçirsə, şübhəsiz ki, bu, həmin orduda vəziyyətin dözülməz olduğundan xəbər verir. Əgər erməni ordusunda normal, qənaətbəxş vəziyyət olmuş olsaydı, o zaman erməni hərbçisi əlində ağ bayraq Azərbaycan ordusuna təslim olmazdı. Lakin erməni ordusunda vəziyyət ağır olduğu üçün erməni hərbçiləri Azərbaycan tərəfinə keçməli olur.
Erməni ordusunda nizam-intizam, təminat məsələri ilə bağlı ciddi problemlər var. Əslində erməni ordusunun durumu Azərbaycana yaxşı bəllidir. Çünki ilk dəfə deyil ki, bu cür hal baş verir. Ölkəmizə hətta ailəliklə sığınan ermənilər olub. Bu baxımdan baş verənlər bizim üçün sürpriz deyil”.
Seymur ƏLİYEV