Son günlər “Bravo” supermarket şəbəkələrindən gələn şikayətlərin sayı-hesabı bitmir. Sosial şəbəkə izləyiciləri bu marketdə baş verən özbaşınalıqlardan, qeyri-peşəkarlıqdan narazılıq edir, rast gəldikləri hadisələri ya lentə almaqla, ya da fotosunu paylaşmaqla bir növ ürəklərini boşaldırlar. Amma ölçü götürən olmur ki, olmur.
Bu dəfə daha bir izləyici “Bravo” marketdə baş verən fərqli bir hadisə ilə qarşılaşdığını yazıb. Belə ki, müştəri sözügedən marketin müxtəlif ünvanlarda yerləşən filiallarından aldığı salatın fərqli qiymətdə satılmasından gileylənir.
“Başa salın məni görüm, nə üçün salatın qiyməti müxtəlifdir? Bu gün “Koroğlu” filialında salatın qiyməti (çəkisi nəzərdə tutulur – K.) 9.80 azn-dir. Amma Xaqani küçəsindəki filialda isə 18 azn. Hər dəfə bütün marketlərdə bu cür səhvlərlə qarşılaşıram”.
Məsələ ilə bağlı “Bravo” supermarketinin “Xaqani” filialı ilə əlaqə saxladıq. Mağazanın rəhbəri Yusif müəllim, “bizim marketdəki salatlar premium sayılır. Yəni “letleyzer” şirkətinə məxsus salatlar baha olur. Adi firmanın salatları isə ucuzdur. Ümumiyyətlə, Bakıda bütün premium mallar məhz bizim filialdadır”, - deyə vəziyyətlə bağlı Moderator.az-ın əməkdaşına açıqlama verdi.
Könül