Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Milli Qəhrəman Şirin Mirzəyevin həyat və döyüş yolundan bəhs edən “Sərkərdə” kitabının təqdimat mərasimi baş tutub. Məlumat üçün bildirək ki, sözügedən kitabın müəllifi əməkdar jurnalist, mayor İbrahim Rüstəmovdur.
Moderator.az-ın məlumatına görə, tədbirdə çıxış edən kitabın redaktoru və Milli Qəhrəmanın əsgəri olmuş Rey Kərimoğlu bildirib ki, “Sərkərdə” kitabında Qarabağ döyüşlərinə geniş oxucu kütləsinin marağına səbəb olacaq çox maraqlı faktlar yer alıb.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva deyib ki, Ş. Mirzəyev başda olmaqla, milli qəhrəmanlar millət və dövlət qarşısında çox böyük xidmətlər göstəriblər. O, qeyd edib ki, Milli Qəhrəmanın döyüş yoluna həsr olunmuş kitabın ərsəyə gəlməsi çox sevindirici haldır və gənclər bu kimi əsərlərdən örnək götürməlidirlər: “Bu cür kitablara bizim çox böyük ehtiyacımız var. Çünki müharibədən sonra 20 yaşlı bir nəsil böyüyüb və o nəsil müharibəni görməyib. Bu kimi kitablar onlara o dövrü yaşatmaq üçün, millət qarşısında fədakarlıqla seçilmiş insanları tanıtmaq üçün önəmlidir. Qəhrəmanımız Şirin Mirzəyev də daxil olmaqla, milli qəhrəmanlar sözün əsl mənasında əməldə vətəni sevənlərdir. Gənclərimiz Şirin Mirzəyev başda olmaqla, həmin şəxslərdən örnək götürməlidirlər. Çünki hələ torpaqlarımız işğal altındadır və belə bir şəraitdə milli qəhrəmanların tanınmasına, təbliğinə böyük ehtiyac var”.
Ş. Mirzəyevin həyat yoldaşı, millət vəkili Flora Qasımova da kitabın çox əhəmiyyətli olduğunu vurğulayıb: “Kitabın xüsusilə gənclərimizə böyük əhəmiyyəti olacaq. Hələ xalqımızın içindən çox Şirin Mirzəyevlər yetişməlidir ki, xalqımız Qarabağı azad edə bilsin. Məncə, Şirin Mirzəyev çox xoşbəxt adamdır ki, xalq onu unutmayıb”.
F. Qasımova qəhrəman barədə xatirələrindən də danışıb: “Biz onunla bir sinifdə oxumuşduq. Həm döyüşçü, həm ailə başçısı kimi gözəl insan idi. Döyüş yoldaşları bilir ki, o daima əsgərlərinə diqqət və qayğı göstərib. Onun ən böyük arzusu isə Azərbaycan ordusunun yaranması idi ki, bu gün də artıq Azərbaycan ordusu yaranıb və hətta Cənubi Qafqazın ən güclü ordusudur”.
Kitabın müəllifi İbrahim Rüstəmov isə deyib ki, Ş. Mirzəyev onu tanıyan insanların ürəyində hər zaman yaşayacaq. Müəllif qeyd edib ki, kitabın ilk nüsxəsini qəhrəmanın məzarı başında ona təqdim edib: “Orada Şirin Mirzəyevə ürək sözlərimi dedim. Ümid edirəm ki, onun haqqında hələ çox kitablar yazılacaq”.
Sonra Milli Qəhrəman Ş. Mirzəyevin döyüş yoldaşları onun barəsində xatirələrini danışıblar.