Trend bildirir ki, 20 iyun 2013-cü il tarixdə Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Roma şəhərində yerləşən mənzil-qərargahında təşkilatın Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin proqram meneceri Abdelhamid Abduli və həmin bölmənin Azərbaycan üzrə proqram meneceri Frits Yepsenlə görüşüb. Bu barədə cümə günü Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən daxil olan məlumatda deyilir.
Görüşdə nazir Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə yeni təyin olunması münasibətilə Frits Yepseni təbrik etmiş və onun qarşıdakı fəaliyyəti dövründə Azərbaycan və İFAD arasında əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ümumi vəziyyət, prioritetlər və İFAD tərəfindən dəstəyə ehtiyacı olan sahələr barədə fikir mübadiləsi aparılıb.
Daha sonra İsmət Abbasov İFAD-ın prezidenti Kanayo Nvanze ilə görüş keçirib.
Nazir Nvanzeni 2-ci dördillik müddətə təşkilatın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və İFAD arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulmasında onun göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Prezident Kanayo Nvanze 2013-cü ilin 16 iyun tarixində FAO Konfransının Sessiyasındakı iştirakını xatırladaraq, həmin gün Azərbaycana 2000-ci ildə BMT-nin Baş Assambleyasına qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək "aclığın yarıya qədər azaldılması"na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək "kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması" üzrə məqsədə vaxtından tez nail olması ilə əlaqədar verilmiş mükafat münasibətilə nazir İsmət Abbasovu təbrik edib.
Nazir İsmət Abbasov, həmçinin Azərbaycanın kənd təsərrüfatının inkişafı, yoxsulluğun azaldılması sahəsindəki nailiyyətlərinin əldə olunmasında Azərbaycan Hökuməti ilə İFAD-ın birgə həyata keçirdikləri layihələrin təqdirəlayiq rolu olduğunu bildirib.
Görüş zamanı hər iki tərəf Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ehtiyaclarının ödənilməsi məqsədilə İFAD-ın yeni layihələrinin başlanmasını məqsədəuyğun hesab ediblər. Azərbaycanda İFAD layihələrinin səmərəliliyinin daha da artırılması məqsədilə bir sıra digər məsələlər, o cümlədən layihə çərçivəsində bəzi sahələrin genişləndirilməsi yolu ilə layihədən faydalananların sayının artırılması ilə bağlı məsələlər müzakirə olunub.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndənin müavini Fuad Fərzəlibəyov da iştirak edib.