Paytaxtda jurnalistlər üçün tikilmiş binadan ev almaq istəyən televiziya jurnalistlərinin əksəriyyətinin namizədliyi telekanallar tərəfindən Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdim olunub.
Moderator.az-ın məlumatına görə, bu sözləri Movqe.az-a açıqlamasında MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədov söyləyib. T.Məmmədov bildirib ki, əksər telekanallar öz namizədlərinin siyahısını MTRŞ-ya təqdim etsələr də, həmin namizədlərin hamısının sənədi tam olaraq təqdim edilməyib: "Elə telekanallar var ki, evə namizədlərinin siyahısını təqdim etsələr də, həmin namizədlərin tələb olunan sənədlərini toplayıb bizə göndərməyiblər. Bəzi telekanalların namizədlərinin sənədlərində çatışmazlıqlar var".
T. Məmmədov belə telekanalların arasında ATV-nin olduğunu söylədi. Onun sözlərinə görə, ATV kanalının namizədlərinin Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq çıxarışı təqdim edilməyib:
"Bu sənədin təqdim olunması şərtdir. Çünki, Azərbaycan Mətbuat Şurasının açıqladığı şərtlərdə qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli təqdim olunmalıdır. Hazırda proses gedir. Telekanalların öz namizədlərini və onların sənədlərini MTRŞ-ya təqdim etmələri üçün bu ayın sonunadək vaxtları var. Biz həmin sənədləri topladıqdan sonra KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edəcəyik". Xatırladaq ki, iyunun 15-də Mətbuat Şurası Bakıda jurnalistlər üçün tikilmiş binanın mənzillərinin sahiblərinin müəyyənləşdirilməsi üzrə redaksiyalardan irəli sürülən namizədlərdən, eləcə də fərdi müraciət edənlərdən sənəd qəbulunu başa çatdırıb. Şura üzvü olan 27 gündəlik, 35 həftəlik və aylıq qəzetdən, 13 informasiya agentliyindən, 7 xəbər portalından və 5 jurnaldan 150 müraciət daxil olub. Bundan başqa 70 fərdi müraciət də qeydə alınıb”.