Hakimiyyətin Milli Şuradan prezidentliyə gözlənilən namizəd, məşhur kinorejissor Rüstəm İbrahimbəyova qarşı orijinal plan hazırladığı məlum olub. “Yeni Müsavat”ı məlumatlandıran mənbə bildirir ki, İbrahimbəyovun müxalifətin vahid namizədi kimi seçkiyə qatılmasını əngəlləmək mümkün olmasa, hakimiyyət ona qarşı ilginc seçki texnologiyasını işə salacaq: seçkilərdə R.İbrahimbəyovla mübarizə aparmaq üçün “namizədin klonlaşdırılması” texnologiyasından istifadə olunacaq.
Söhbət R.İbrahimbəyova alternativ olaraq onunla təxminən eyni göstəricilərə malik olan, yəni ağsaqqal, beynəlxalq səviyyədə tanınan, rusdilli, lakin “kosmopolit” yox, “ağır seyid nəslindən” olan və ziyalı birinin namizədliyinin irəli sürülməsidir. Bu namizədin vəzifəsi ancaq R.İbrahimbəyovun tezislərini vurmaqdan ibarət olacaq. Mənbə həmin ehtimal olunan namizədin adını da deyib. Lakin bəzi əlavə dəqiqləşdirmələrə ehtiyac olduğundan adı hələlik yazmırıq. Bununla belə sözügedən göstəricilərə malik azı iki potensial namizəd üzərində iş getdiyi məlumdur.