Zərdüşt Əlizadə: “Mən bu cür fikirlərə şərh vermək qüdrətinə malik deyiləm”
ASDP sədri Araz Əlizadə mətbuata açıqlamasında Azərbaycanda prezident seçkilərinin şəffaf keçirildiyini, saxtakarlığın yalnız parlament seçkilərində müşahidə edildiyini bildirib.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran ADP sədri Sərdar Cəlaloğlu bu fikirlə razılaşmadığını qeyd etdi:
“Azərbaycanda həm prezident, həm parlament, həm də bələdiyyə seçkilərində ciddi saxtakarlıqlara yol verilir. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanda real seçicilərin sayı MSK-nın elan etdiyi qədər deyil. Seçicilərin önəmli bir qismi Azərbaycandan kənarda yaşayır. MSK-nın açıqlamasına görə, guya seçicilərin 15%-i xaricdə yaşayır. Halbuki, bu gün təkcə Rusiyada 2,5 milyon azərbaycanlı var. Yarım milyon azərbaycanlı Avropada mühacirətçi statusu ilə yaşayır. Bu rəqəm BMT-nin müvafiq hesabatında da öz əksini tapıb. Yarım milyon azərbaycanlı Ukraynada yaşayır. Təxminən bu qədər də insan Belarusiya, Özbəkistan, Qazaxıstan və s. ölkələrdə məskunlaşıb. MSK-nın “Azərbaycanda 4,5 milyon seçici var” deməsinin özü artıq saxtakarlıq deməkdir”.
Politoloq Zərdüşt Əlizadə isə A.Əlizadənin məlum açıqlamasına şərh verməkdən imtina etdi: “Mən bu cür fikirlərə şərh vermək qüdrətinə malik deyiləm. Buna görə də bu barədə heç nə deyə bilməyəcəm”.
Seymur Əliyev