Moderator.az musavat.com-a istinadən xəbər verir ki, Azərbaycan
Mətbuat Şurasının sədri Əflatun Amaşov "Milyarderlər İttifaqı"nın
üzvü Söyün Sadıqovun Azərbaycan jurnalistləri üçün bina tikmək niyyətini
təxribat adlandırıb:
“Onun Bakıda ev tikib
jurnalistlərə paylaması mümkün görünmür. Əgər o desəydi ki, Moskvada ev tikib
Rusiyadakı jurnalistlərə paylayacağam, bu, başadüşülən idi. Bu məsələ mənimçün
tamamilə anlaşılmazdır ki, Rusiya vətəndaşı Azərbaycanda ev tikib jurnalistlərə
paylayır. Bu, daha çox siyasi çıxışa oxşayır, nəinki jurnalistlərin sosial
problemlərinin həll olunması niyyətinə. Odur ki, bu məsələdə mənimçün qaranlıq
məqamlar var”.
MŞ sədri S.Sadıqovun, həmçinin
A.Abbasovun Azərbaycan jurnalistlərini təbrik etməsində qeyri-adi bir şey
görmədiyini vurğuladı: “Onlar Azərbaycan və Rusiyadakı jurnalistləri təbrik edə
bilər, bu, normaldır. Hər bir azərbaycanlı Azərbaycanda yaşayıb-yaşamamağından
asılı olmayaraq bizim mətbuat nümayəndələrini təbrik edə bilər. Burada
qeyri-adi bir məqam görmürəm. Ancaq Söyün Sadıqovun Bakıda jurnalistlərə ev
tikmək istəməsi mənimçün tamamilə qarışıq bir məsələdir. Ölkə başçısı
jurnalistlərə bina tikilməsi ilə bağlı sərəncam verir, bu məsələ onun
səlahiyyətindədir. Ancaq Rusiyada yaşayan iş adamının Azərbaycan
jurnalistlərinə ev tikmək niyyəti daha çox təxribat xarakteri daşıyır. Burda
məram-məqsəd nədir, deyə bilmərəm”. Ola bilərmi ki, S.Sadıqov mənzil
bölgüsündən narazı qalan jurnalistlərlə bağlı belə mövqedən çıxış edib?
Ə.Amaşov: “Narazı
jurnalistlər deyəndə ki, Azərbaycan mətbuatında kifayət qədər önəmli xidmətləri
olan insanlar mənzil alıb. Xidməti və ehtiyacı olan digər jurnalistlər üçün də
növbəti binanın tikilməsi nəzərdə tutulur. Kimsə kiminsə narazılığından
istifadə edib müəyyən yozumlar yozmaq, kiminsə narazılığından istifadə edib öz
məqsədlərini reallaşdırmağa çalışmaq düzgün deyil. Bu məsələnin ciddiliklə heç
bir əlaqəsi yoxdur”.