“Mən gözləmirəm ki, qiymət düşməsi uzun periodda davam edəcək. Bunu 2016-da görmüşük, ondan əvvəl də görşmüşdük. Bu, qısa müddətli şok effekti olub. Bu gün üçün əvvəl hansı proqnozlar vardı, onu səsləndirmək istəyirəm”
Moderator.az-ın xəbərinə görə, bunu Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya bazarında neftin qiymətinin birdən-birə kəskin azalması ilə bağlı “Yeni Sabah” saytına müsahibəsində söyləyib.
Ekspert deyib ki, əgər 2019-cu ildə Brent markalı neftin orta qiyməti 63,8 dollar olubsa, cari il üçün neftin 3-4 dollar aşağı olması proqnoz edilirdi. Bu da onunla əlaqədar idi ki, cari il üçün dünya iqtisadiyyatının artım tempi keçən ilkindən aşağı tempdə proqnozlaşdırılmışdı:
“Həqiqətən də, martın 4-də Beynəlxalq Valyuta Fondu və Dünya Bankı rəhbərlərinin birgə açıqlamasında göstərildi ki, neftə olan tələbat azalacaq. Çünki onların cari il üçün gözləntiləri 2,9% artım tempi idisə, bunu hazırda 2.5-ə qədər azaldıblar. İndi bəlkə də, daha da aşağı tempə düşə bilər.
Bundan əlavə, Çinin daxili istehlakı kifayət qədər azalıb. Bu kimi faktorlar ona dəlalət edir ki, neftin qiyməti azalacaq. Məsələn, 2016-cı ildə Brent markalı neftin orta qiyməti 42 dollar olmuşdu. İndi əgər 42 yox, 45 dollar olarsa, 58, 59-la müqayisədə görün, nə qədər aşağıdır. Yəni, istənilən halda büdcəsi neftə köklənmiş ölkələr üçün onların gəlirləri azalması, büdcə defisitilərinin artımı deməkdir”.