Bu gün Azərbaycan Teatrının görkəmli sənətkarı, qısa, amma mənalı ömür yaşayan Xalq artisti Bəşir Səfəroğlunun 95 illik yubileyidir.
95 yaşlı unudulmaz sənətkarı, sevimli övladı, sənətdə atasının yolunu ləyaqətlə davam edən, 65 yaşlı Afaq Bəşirqızı təbrik edir.
Moderator.az open.az-a istinadən Afaq Bəşirqızının kövrək təbrikini təqdim edir:
"Ölümündən 51 il ötür. Amma sənin o təbəssümün, gülüşün, zirvə, dahi sənətkarlığın yaddaşlarda həkk olunubsa, sənin 51 illik yoxluğun 51 dəqiqə qədər gələcək. Sən xoşbəxtsən. Çünki səni, xalqın sevir. Çünki sən, yaddaşlarda yaşayırsan. Sən, yaradıcılığından qalan iki-üç lent yazısı və iki tammetrajlı filmlə unudulmadın. Sən, sübut elədin ki, sənətkar ölmür. Sənətkarı yaşadan xalqdır. Ona görə də mən bununla böyük təsəlli tapıram. Və mən inanıram ki, sən yaşayacaqsan. Yaddaşlarda yaşayacaqsan. Səni nəvən Semral, nəticələrin Bəşir və Əhmədpaşa yaşadacaq. Sən xoşbəxtsən. Çünki səni çox sevən övladın var. Sən, xoşbəxtsən. Çünki səni çox sevən, unutmayan xalqın var. Xoşbəxtsən, ona görə ki, öz sənətinin bəhrəsini və qiymətini alan sənətkarlardansan. Və bu qiymət göstərir ki, sən hər zaman yaddaşlardasan. 44 yaşı tamamlayıb, 45-ə keçmişdin. 45 yaşa keçməyindən 12 gün keçdi... Bu yadımdadır... Amma 95 necə oldu, haradan oldu... Ona məəttəl qalmışam. Deyirlər, 95 yaşın var... Ad günün mübarək, ay ATA!"