Bu gün Azərbaycanın müxtəlif qoşun növləri arasında özünəməxsus yeri olan Daxili Qoşunların yaranmasının 28-ci ildönümüdür.
Bununla bağlı Moderator.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Daxili Qoşunların keçdiyi döyüş yolu, həmçinin hazırkı durumunu şərh edib:
“Daxili Qoşunlar Azərbaycan Silahlı Qüvvələrinin bir hissəsidir. Silahlı Qüvvələrimizin ali baş komandanı, cənab İlham Əliyevin səyi nəticəsində digər qoşun növləri kimi Daxili Qoşunlar da lazımi tələbatlarla təmin olunur.
Bu gün Daxili Qoşunlar əvvəlki Daxili Qoşunlardan xeyli fərqlənir. Hazırda Daxili Qoşunların kadrlarını hazırlayan təhsil müəssisələri mövcuddur. Digər tərəfdən, Daxili Qoşunlar hazırda ən müasir tələblərə cavab verən qoşun növünə çevrilib. Daxili Qoşunlar bu gün lazım olan bütün müasir təchizatla təmin olunub. Bu qoşun növü dünyanın müasir proqramlarına uyğun olaraq döyüş hazırlığı ilə məşğuldur.
Daxili Qoşunlarda şəxsi heyətlə məşğul olan zabitlər müxtəlif kurslar keçiblər. Onlar təcrübəli zabitlərdir. Xüsusi, sperisfik funksiyaları yerinə yetirərkən Daxili Qoşunlar tam heyətlə onlara həvalə edilən bütün tapşırıqları yerinə yetirməyə qadir olduqlarını ortaya qoyur. Ötən gün ölkə başçısının fərmanı ilə DQ-nin bir qrup hərbi quluqçusu təltif olundu.
Daxili Qoşunlar intellektural baxımdan da inkişaf edib. Oradakı zabitlər kifayət qədər təcrübəli zabitlərdir.
Daxili Qoşunların mütəxəssisləri mütəmadi olaraq beynəlxalq tədbirlərdə iştirak edir, başqa dövlətərdə kurs alırlar. Dünyanın digər ölkələrində Daxili Qoşunlara məxsus müsbət yenilikləri ölkəmizə gətirir, bunu yerli şəraitlə sintez edirlər. Bu səbəblə də Azərbaycan Daxili Qoşunları dünyanın ən qabaqcıl Daxili Qoşunlarından biridir.
Bu gün Daxili Qoşunların döyüş hazırlığı çox yüksək qiymətləndirilir. Daxili Qoşunların döyüş hazırlığı ancaq siniflərdə deyil, həm də poliqonlarda keçir. Daxili Qoşunlar poliqonlarda özlərinəməxsus döyüş tapşırıqlarını yerinə yetirməyi məşq edir.
Bildiyiniz kimi, Daxili Qoşunların əsas funksiyalarından biri mühüm obyektlərin mühafizəsi ilə bağlıdır. Bununla bağlı gərəkli təlimlər də keçirilməkdədir.
Daxili Qoşunlar I Qarabağ müharibəsində şərəfli yol keçib. Daxili Qoşunlar Horadiz əməliyyatı adlanan, 1994-cü ildə ulu öndərin rəhbərliyi ilə keçirilən hücum əməliyyatında qələbənin əldə edilməsində də mühüm rol oynadı. Həmin hücum nəticəsində polislərimizlə birlikdə, Daxili Qoşunlara məxsus hərbi hissə 22 yaşayış məntəqəsini, o cümlədən Horadiz qəsəbəsini düşməndən azad etdi. Onlar bu əməliyyatlarda böyük şücaətlər göstərdi.
Bu gün də Daxili Qoşunlar istər döyüş əməliyyatı, istərsə də anti-terror əməliyyatları aparmağa qadirdir”.
Seymur ƏLİYEV