Bu günə
açıqlanan rəqəmlərə görə, dünya bazarında neftin qiyməti son illərin ən aşağı həddinə
çatıb: 21,85 dollar. Azərbaycan neftinin ən aşağı qiyməti 19,45 dollar olaraq
2001-ci ildə müşahidə edilib.
Koronavirus
pandemiyasının dünyada tüğyan etməsi və bununla paralel neftin kəskin
ucuzlaşması, eləcə də qeyri neft sektorunun demək olar ki, iflic vəziyyətə düşməsi
iqtisadçıları həyəcan təbili çalmağa vadar edir.
Gəlirlərinin
böyük hissəsi neftdən asılı olan Azərbaycan üçün bunun hansı nəticələr verəcəyəyi
narahatlıq doğurmaya bilməz.
"Hələ ki problem yoxdur, ancaq pandemiya 2-3 ay çəksə ... "
Bir sıra
iqtisadçılar hesab edirlər ki, hazırda Azərbaycanın valyuta ehtiyatları özünü
qorumağa imkan verir. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov ölkəmizin xarici
şoklara illərlə, prezidentin köməkçisi Şahmar Mönsümov isə hətta dəqiq rəqəm
söyləyərək 20 il ərzində dözə biləcəyini söyləyiblər.
İqtisadçı
millət vəkili Vahid Əhmədov Moderator.az saytına mövzu ilə bağlı danışarkən bildirib
ki, yaranmış vəziyyətlə əlaqəli hələlik iqtisadi cəhəttdən Azərbaycanda elə bir
ciddi problem müşahidə edilmir. Ölkənin kifayət qədər vəsaiti var və ondan
istifadə etmək mümkündür:
“Doğrudur,
indi neftin qiyməti də aşağı düşüb. Əgər bu, bir müddət belə davam etsə, artıq
o zaman vəziyyət dəyişə bilər, çünki gəlirlərimiz azalmağa başlayacaq. Mən
hesab edirəm ki, belə vəziyyət bir neçə ay davam etsə, o zaman müəyyən problemlər
yarana bilər”.
Deputatın
sözlərinə görə, pandemiyanın iqtisadiyyatda yaratdığı problemlərin aradan
qaldırılması üçün prezidentin büdcədən ayırdığı bir milyard manat hələki dövlətə
böyük problem yaratmır:
“Bu,
büdcədə elə də çətinlik yaratmır, lazım olsa, bu vəsait artırıla da bilər.
Ancaq pandemiya uzun çəkərsə, misal üçün 2-3 ay, bu zaman müəyyən suallar
yarana bilər”.
Hər bir
halda, millət vəkili hesab edir ki, çətinliklər yaşansa da bütövlükdə ölkədə elə
ciddi bir narahatlıq olmayacağını söyləmək olar.
Lakin bəzi
iqtisadçı ekspertlər pandemiyanın bütün dünya iqtisadiyyatına vurduğu zərəri nəzərə
alaraq Azərbaycanda da ciddi tədbirlər görülməsinin və hazırlıqlı olmanın
faydalı olacağını söyləyirlər. Qeyd edək ki, pandemiyanın “zühur etdiyi” və
dünya iqtisadiyyatının ikinci nəhəngi hesab edilən Çində ilin ilk iki ayında sənaye
istehsalı 13%, pərakəndə ticarət 21%, investisyalar isə 24.5% azalıb.
Bu geriləmənin
hələ bir müddət davam edəcəyi də proqnozlaşdırılır. Çünki koronavirusun digər
dövlətlərdə yayılması hələlik başlanğıc mərhələsindədir və bu üzdən sərhədlərin
bir neçə ay bağlı qalacağı gözləniləndir.
"Dəqiq məlumat verilməlidir ki, insanlar hökumətə inansınlar"
Neft
Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban isə hesab edir ki, neftin
bu qədər ucuzlaşması ciddi siqnaldır, xüsusən Azərbaycan kimi iqtisadiyyatının
böyük hissəsi neftdən asılı olan ölkələr üçün.
Mövzunu
şərh edərkən ekspert Moderator.az-a deyib ki, 2020-ci il üçün neftin qiyməti büdcədə 55 dollardan götürülüb,
indi isə iki dəfədən də aşağı həddə satılır:
“Düzdür,
bu, hələlik bazardakı orta qiyməti ifadə etmir, cari qiymətdir. Ancaq məsələ
ondadır ki, bu uzun müddət davam etsə, biz ehtiyat vəsaitlərdən büdcənin bir həssəni
təmin edə biləcəyik, amma qalan hissə necə olacaq? Bunun üzərində düşünmək
lazımdır”.
İlham
Şaban əlavə edib ki, Dövlət Neft Şitkətinin gəlirləri və sair mənbələr burada
kömək edir, bundan başqa, digər mənbələrlə yanaşı bu məbləğ təqribən 2 milyard
dollar edər:
“Digər mənbələrdən
biri də qeyri-neft sektorudur ki, artık pandemiya ilə bağlı bu sektor demək
olar ki, tamam dayanıb, əksinə, hökumətdən dəstək gözləyir. Buna görə də
manatla bağlı müəyyən situasiya yaranıb.
Bir neçə
il ərzində qeyri-neft sektoruna milyardlarla investisiya qoyulub, ancaq bu qədər
vəsaitdən gözlənilən səviyyədə gəlir gəlmir. Məsələn, 31 rayonda aqrar kompleks
tikilib, bu çox yaxşıdı. Ancaq məlum deyil ki, nə qədər insan onlardan
faydalanır və büdcə nə qədər qazanır. Ona görə də rəsmi qurumlar bunlarla bağlı
dəqiq məlumat verməlidilər ki, insanlar da hökumətə inansınlar”.
Ekspert
onu da xatıladıb ki, Azərbaycan belə bir təcrübəni 2014-cü ildə yaşayıb:
“O dövrdə
də belə açıqlamalar verilirdi ki, biz xarici təzyiqlərə uzun illər davam gətirə
bilərik. Bir ildə 11 milyard dollar manatın saxlanmasına xərcləndi, lakin nəticədə
manat iki dəfə ucuzlaşdı.
Ona görə
də düşünmək lazımdır ki, indi bizə belə bir şey lazımdırmı? Həmin 11 milyarda
iki böyük neftayırma zavodu tikmək olardı. Məsələn, Türkiyədəki “Star” zavodu
kimi. Bu daha faydalı və məntiqli olardı”.
Taleh