AXCP sədri Əli Kərimli Obyektiv.tv-yə açıqlamasında Rüstəm İbrahimbəyovun
Rusiya vətəndaşlığından çıxarılması prosesinin ləngiməsini bürokratik
əngəllərlə izah edib. Habelə Ə.Kərimli qeyd edib ki, Rusiyanın hələ də
R.İbrahimbəyovu öz vətəndaşlığından azad etməməsi Milli Şuranın Rusiya layihəsi
olduğunu iddia edənlər üçün bu iddianın yanlışlığını isbat edən sübutdur. Məhz bu baxımdan da AXCP sədri Milli Şuranın rus layihəsi olduğunu
qeyd edənlərin utanmalı olduğunu qeyd edib. Bununla bağlı Moderator.az saytına
açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu baş verə bilənlərdən utandığını,
lakin bu utancın tamam başqa amillərdən qaynaqlandığını vurğuladı:
“Təbii ki, mən baş verənlərdən utanıram. Lakin ona görə yox ki, Milli
Şuranın Rusiya layihəsi olduğunu düşünmüşəm və bu gün də düşünürəm. Mən 20
ildir ki, guya Azərbaycanın istiqlaliyyətinə xidmət edən qüvvələrin Rusiya
proyektində iştirak etdiyinə görə utanıram. Mən utanıram ki, özünü istiqlalçı,
demokrat elan edən bu qüvvələr Rusiyanın Azərbaycanın dövlət maraqlarına zərbə
vuran, onun müstəqilliyini məhdudlaşdıran layihəsində yer alır. Mənim
utanmağımın başqa səbəbi yoxdur”.
Seymur Əliyev