Parlamentin sabiq üzvü ad gününü
təcridxanada qeyd edib. Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın son
məhkəmə prosesi barədə ilginc gəlişmə var. Bu barədə bizə açıqlamasında
G.Əhmədovanın vəkili Raqif Mustafayev məlumat verib. Onun sözlərinə görə,
avqustun 7-də Səbayel Rayon Məhkəməsində, ondan bir neçə gün sonra isə
Apelyasiya Məhkəməsində baş tutan proses zamanı G.Əhmədovanın həbsinin ev
dustaqlığı ilə əvəz olunması ilə bağlı 3 deputat müraciət edib.
Bunlar
İlyas İsmayılov, Fazil Mustafa və Qüdrət Həsənquliyev olub.
Amma
nə ilkin, nə də apelyasiya instansiyası deputatların müraciətini nəzərə alıb.
Nəticədə
G.Əhmədovanın
həbs müddəti daha 3 ay uzadılıb.
Xatırladaq
ki, prosesə hakim Famil Nəsibov sədrlik edib. Prokuror qismində Elşad Məmmədov
çıxış edib. Proses zamanı G.Əhmədova yarım saatlıq müdafiə çıxışı edib. Sabiq
deputat həbsinin əsassız olması ilə bağlı arqumentli çıxış edib.
Moderator.az xəbər verir ki, Fazil
Mustafa “Yeni Müsavat”a açıqlamasında bu müraciətin təfərrüatlarına toxunub.
Onun sözlərinə görə, belə bir məktubla bağlı G.Əhmədovanın ailəsi tərəfindən
ona müraciət olunub: “Şəxsən mənə müraciət olunmuşdu. Təbii ki, biz cinayət
işinə, istintaqa qarışmırıq. Ona qarşı irəli sürülən ittihamla bağlı hansısa
məsuliyyət varsa, bunun araşdırılmasının tərəfdarıyıq. Himayəsində uşaqlarının
olmasını, səhhətindəki problemləri nəzərə alanda istintaqa və məhkəməyə
humanist şəkildə müraciət etdik. İstintaq müddətində həbsinin ev dustaqlığı ilə
əvəzlənməsini daha məqsədəuyğun hesab edirik. Daha öncə Nigar və Tofiq Yaqublular
üçün də müraciət etmişdik. Bu məsələdə bir humanist addım atmağı düşündük.
Təəssüf ki, müraciətimiz nəzərə alınmadı. Amma ailəsi tərəfindən yenidən
müraciət olsa, yenə müraciət edərəm. Əgər adam təhlükə törətmirsə, qaçıb
gizlənmək ehtimalı yoxsa, istintaq müddətində ailəsindən kənar qalması doğru
deyil. İstintaq orqanları bunu etməməklə sərt üslub seçirlər”.
F.Mustafa
“siz Gülər Əhmədovanın günahsız olduğunu düşünürsüz” sualımıza cavabında isə
bildirdi ki, məqsədi istintaqın işinə müdaxilə etmək deyil: “Günahı varsa,
məsuliyyət daşıdığı sübut olunarsa, bu məsələni məhkəmə müəyyən edəcək. Amma
evdə 3 övladı varsa, onların bir neçə ay himayədən kənar olması yaxşı hal
deyil. Bir çox cinayətlər var ki, türmədə yatmadan da ev dustağı kimi
istintaqın sonunu gözləmək mümkündür. Cinayəti sübut olunmayanda bir neçə ay,
bəzən illərlə insanların həbsdə qalması halları olur ki, bu, heç də ədalətli
deyil”.
Avqustun 20-də həbsdə olan sabiq deputat Gülər
Əhmədovanın ad günüdür. Psixologiya elmləri namizədi Gülər Əhmədova 1965-ci il
avqust ayının 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.
1986-cı
ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor
müavini vəzifələrində çalışıb. 1994-cü ildən Gənclər və İdman Nazirliyinin baş
təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən 2013-cü ilədək Respublika
Uşaq Təşkilatının sədri, Bakı Dövlət Universitetinin müəllimi olub.
Hakim Yeni
Azərbaycan Partiyasının üzvü olan G.Əhmədova həm də Milli Məclisin deputatı idi.
2010-cu
ildə üçüncü dəfə deputat seçilmişdi.
Fəaliyyəti
dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad
Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər
Əhmədova deputat mandatından imtina etdi. Bu il fevralın 13-də isə G.Əhmədova
barəsində həbs-qətimkan tədbiri seçildi.
G.Əhmədova
Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli
miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin
hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə)
maddələri ilə təqsirləndirilir.
3
oğlan anası olan G.Əhmədova hazırda Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında
saxlanılır.
Ad
günü ilə əlaqədar G.Əhmədovanı həyat yoldaşı Fikrət Əhmədov ziyarət edib. Sabiq
deputatın hələ də təzyiq problemi qalır, ürəyindəki ağrılar isə davam edir.
G.Əhmədovanın həkim nəzarətində olduğu bildirilir.