Avqustun 23-də Azərbaycan Respublikasının
müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin
müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Moderator.az-ın Müdafiə Nazirliyinə
istinadən verdiyi məlumata görə, son illər Yaponiya ilə Azərbaycan arasında
mədəni və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən nazir Səfər
Əbiyev hərbi sahədə də ikitərəfli əməkdaşlığın qurulmasının münasibətlərin
dərinləşməsinə böyük töhfələr verəcəyini önə çəkib.
Yaponiya Müdafiə Nazirliyi nümayəndə
heyətinin Azərbaycana ilk səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə
çatdıran nazir regionda baş verən hərbi-siyasi vəziyyət, Azərbaycan-Ermənistan
Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər barədə yaponiyalı qonaqları
məlumatlandırdı. O bildirdi ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də
davam edir. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində problemin həllinə
üstünlük göstərilsə də, təəssüf ki, konkret nəticə yoxdur. Nazirin sözlərinə
görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin
indiyədək icra olunmaması ilə bağlıdır. Amerika Birləşmiş Ştatları Konqresinin
907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirlərini də nəzərə alsaq o
zaman görərik ki, bölgədə hansı gərginliklər hökm sürür. Müdafiə naziri Səfər
Əbiyev qonaqların diqqətinə çatdırdı ki, vəziyyət bu cür davam edərsə
Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaq.
Azərbaycan-Yaponiya əməkdaşlığının
vacibliyini vurğulayan nümayəndə heyətinin rəhbəri Masahisa Sato Azərbaycan
Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda iştirakının böyük əhəmiyyət
daşıdığını bildirdi. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq sazişinin
layihəsi üzərində işləmək barədə razılıq ifadə olundu.
Görüşdə Azərbaycanın Yaponiyadakı
fövqəladə və səlahiyyətli səfiri Gürsel İsmayılzadə və Yaponiyanın
Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabe iştirak edib.