Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində
fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru
Elşad Abdullayevin işi ilə əlaqədar tutulan iş adamı Arzu Kazımovun cinayət işi
üzrə məhkəmə prosesi başa çatıb.
Moderator.az-ın apa-ya istinadən
məlumatına görə, prosesdə A. Kazımov son söz deyib. O, özünü təqsirli
bilmədiyini, heç bir ittihamın sübuta yetmədiyini qeyd edib: “Mən Elşad
Abdullayevin şər-böhtanları əsasında tutulmuşam. İttihamların heç biri sübuta
yetirilməyib. Lakin nə cəza versəniz çəkməyə hazıram. İnanıram ki, məhkəmə
ədalətli və cəsur qərar verəcək”.
Daha sonra hakimlər müşavirəyə
gediblər. Müşavirədən sonra hökm elan olunub.
Qeyd edək ki, Baş Prokurorluğun
yaydığı məlumata görə, A. Kazımov özünü Mənzil-Tikinti Kooperativinin rəhbəri
kimi qələmə verməklə müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olmasını əsas
gətirib, Mahir Abdullayevi tapa biləcəyi barədə həqiqətə uyğun olmayan yalan
vədlər verərək yaxın münasibətlərdə olduğu E. Abdullayevdən ümumilikdə
1.500.000 ABŞ dolları məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirməklə
dələduzluq etməkdə təqsirləndirilir.
İstintaqla Arzu Kazımovun törətdiyi
cinayətdə hər hansı digər şəxsin, daxili işlər nazirinin sabiq müavini mərhum
Zahid Dünyamalıyevin iştirakı müəyyən edilmədiyindən, işin bu hissəsinin
cinayət təqibinə xitam verilib.