Milli Şuranın nümayəndə heyətinin Londona səfərində Cəmil Həsənlinin iştirak edib-etməyəcəyi bəzi mətbu orqanlarda, sosial şəbəkələrdə müzakirə predmetinə çevrilib. Rüstəm İbrahimbəyovun “Yeni Müsavat” a müsahibəsində “bəlkə Cəmil müəllim Londona getmədi” kimi fikirlər səsləndirməsi isə vəziyyəti bir qədər də qəlizləşdirərək müəmmanı artırıb.
Moderator.az-a açıqlama verən Milli Şuranın beynəlxalq əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəyli isə narahatçılığa heç bir əsas olmadığını bildirdi və Milli Şuranın vahid namizədinin Londona gedənlərin arasında olacağını söylədi: “Əvvəl Londona səfər sentyabrın 4-ə planlaşdırıldığından bu cür fikirlər gündəmə gəlmişdi. Ancaq sonradan London görüşünün vaxtı sentyabrın 9-a dəyişdirildiyindən Cəmil Həsənlinin də iştirakı qətiləşdi. Məncə elə bir problem olmamalıdır və Cəmil müəllim də nümayəndə heyətinin tərkibində olacaq.”