ABŞ-ın iki nüfuzlu senatorları Obama administrasiyasının Suriya müxalifətinə dəstək verilməsi və Bəşər Əsədin hakimiyyətdən devrilməsinə kömək edəcək ciddi planın hazırlandığını bildirib.
Moderator.az-ın
xəbərinə görə, Suriyaya qarşı hərbi əməliyyatı dəstəkləyən iki respublikaçı
senator- Con Makkeyn və Lindsi Qraham Ağ Evdə prezident Obama ilə
görüşüb. Con Makkeyn görüşdən sonra deyib ki, onun ABŞ-ın Suriyaya
qarşı məhdud deyil, daha ciddi hərbi hücum planı ilə bağlı fikir söyləməyə
əsası var. Lindsi Qraham isə bildirib ki, Əsəd tərəfdarı qüvvələr
qələbə çalmağa davam etdikcə Suriya üçün siyasi həll yolu olmadığına inanır.
Hər iki
senator Obama administrasiyasını Suriyada üsyançıların silahlandırılması üçün
daha əvvəl fəaliyyət göstərmədiyini tənqid edib. Senatorlar Suriya ordusunun iki
ildir Rusiya və İrandan silah aldığını və bunun bərabər mübarizə
olmadığını deyiblər.
Cənab
Obama bildirib ki, o, Suriyanın kimyəvi silahlardan istifadə etməsinə cavab
olaraq hərbi əməliyyata başlamaq üçün Konqresin razılığını almaq istəyir. Senatın
Xarici Əlaqələr Komitəsi Suriya ilə bağlı dinləmələrə çərşənbə axşamı günü
başlayacaq.