Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov seçki ərəfəsində xalqın prezident İlham Əliyevdən yana seçim edəcəyini isbatlamaq üçün “zəhmətkeş çıxışları” hazırlayır. Bu barədə Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, icra başçısı daha çox əlil və veteranlar arasından seçim etməyə çalışır: “Prezident seçkilərində yaxından iştirakı icra başçısı postunda qalmaq üçün təminat hesab edən E.Əzizov “zəhmətkeş çıxışları” təşkil etmək niyyətindədir. İcra başçısı hesab edir ki, seçki ərəfəsində onun təşəbbüsü ilə Sumqayıt sakinlərinin prezident İ.Əliyevi dəstəkləməsi ali hakimiyyətin ona olan etimadını daha da artıra, onun daha bir neçə il icra başçısı postunda qalmasını təmin edə bilər. Bu məqsədlə icra başçısı daha çox əlil və veteranlardan istifadə etmək niyyətindədir. E.Əzizovun fikrincə, prezident İlham Əliyevin xalq qarşısındakı xidmətlərinin, habelə ictimaiyyətin onunla bağlı məmnunluğunun bu qəbildən olan şəxslər tərəfindən ölkə telekanallarında səslənməsi daha məqsədəuyğundur. Bütövlükdə isə E.Əzizivon seçkilər ərəfəsində öz mövqeyini möhkəmləndirmək üçün həmkarlarından daha artıq qüvvə və enerji sərf edəcəyi ehtimal olunur”.