“Semaşko” kimi tanınan 1 saylı Şəhər Xəstəxanasının travmatologiya şöbəsində xəstələrin qeydiyyata götürülməsi ilə bağlı tələb olunan qanunsuz ödənişlərin məbləği artıb. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, əvvəllər bunun üçün xəstə yaxınlarından 10 manat pul tələb edilirdisə, indi bu qiymət 20 manatdır: “Əvvəllər xəstə qeydiyyatı üçün 10 manat pul tələb olunurdusa, indi məlum prosedura görə vətəndaşlardan 20 manat məbləğində pul tələb edilir. Halbuki, mövcud qanunvericiliyə görə dövlət tibb müəssisələrində nəinki xəstələrin qeydiyyatı, həmçinin bütün müayinə və müalicə prosesi də ödənişsiz olmalıdır. Lakin buna baxmayaraq xəstəxananın travmatologiya şöbəsində bütün xidmət növləri kimi qeydiyyat proseduru ilə bağlı da qanunsuz ödənişlərin qiyməti sürətlə yüksəlməkdədir. İşin ən maraqlı tərəfi isə budur ki, xəstə yaxınlarından qeydiyyat məqsədi ilə tələb olunan 20 manat pul onlardan qanuni ödəniş adı ilə alınır. Xəstəxanada müalicə alan pasientlərin əksəriyyəti hesab edir ki, məlum xəstəxana xidmət qiymətlərinə görə, istənilən özəl tibb müəssisəsi ilə uğurla rəqabət apara bilər. Məhz bu səbəbdən də onların bir çoxu “Semaşko”nun özəl müəssisə elan edilməsi və ondan vətəndaşlardan alınan qanunsuz ödənişlərə uyğun şəkildə vergi alınmasını daha məqbul hesab edir”.