“Tələsirdim, uşağımı məktəbə gətirmişəm, uşağım birinci sinfə gedir kimi bəhanələr 16 sentyabr bilik günündə, məktəblərin önündə maşın saxlayan valideynləri inzibati məsuliyyətdən xilas edə bilməyəcək.” Moderator.az xəbər verir ki, bunu ANS PRESS-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, keçən illərdə olduğu kimi bu il də Bakı Şəhər Təhsil İdarəsi ilə Bakı Şəhər Yol Polisi İdarəsi birlikdə tədbirlər planı hazırlayıb. Plana əsasən yeni tədris ili müddətində valideyn və şagirdlərin yollarda düzgün hərəkət qaydalarını mənimsəmək üçün təbliğat aparılacaq.
V. Əsədovun sözlərinə görə məktəblərin qarşısında polislər təhlükəsizliyə riayət edəcək: “Bakı şəhərində yerləşən bütün məktəblərin qarşında polislər olacaq. İcazəsiz yerlərdə maşın saxlayanlara cərimələr kəsiləcək və inzibati məsuliyyətə cəlb olunacaqlar.”