Novxanı-Saray yolunun girişində növbə çəkən polis əməkdaşları iritonnajlı maşınları təmirdən yeni çıxan yola buraxmır. Bu barədə Moderator.az saytını özəl mənbə məlumatlandırıb. Mənbənin bildirdiyinə görə, qadağaya səbəb yük avtomobillərinin təmirli yolu sıradan çıxara biləcəyi ilə bağlı ehtimallardır: “Təmirdən yeni çıxan yolda yük avtomobillərinin hərəkəti qadağan edilib. Belə ki, yolun girişində gün ərzində növbə çəkən polis əməkdaşları Novxanı-Saray yolundan istifadə etmək istəyən yük avtomobillərini saxlayır, onları digər yollara yönləndirir. Ehtimal edilir ki, yük maşınlarının hərəkəti yeni təmir edilən yolu sıradan çıxarda bilər. Avtomobil sürücüləri isə polisin bu qadağasını doğru hesab etmir. Onların bildirdiyinə görə, Novxanı-Saray yolu şəhərətrafı yol olduğundan bu yollarda yük maşınlarının hərəkətinə hər hansı yasaq qoymaq gülüncdür. Çünki bütün dünyada yük maşınlarının hərəkəti üçün daha çox şəhərətrafı yollar münasib hesab edilir və bu yollarda hər hansı qadağa tətbiq edilmir. Sürücülər hesab edir ki, əslində qoyulan qadağa çəkilən yeni yolun keyfiyyətsizliyi ilə bağlıdır. Onların fikrincə, yeni yol əsaslı deyil, kosmetik şəkildə təmir edilib. Odur ki, yetkililər yük maşınlarının hərəkəti nəticəsində yeni yolun qısa zamanda sıradan çıxacağı, özlərinin ifşa olunacağından ehtiyat edir”.