Sentyabrın
15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 95-ci ildönümü ilə
bağlı Milli Şura rəhbərliyi və bir sıra siyasi partiya rəhbərləri Şəhidlər
Xiyabanını ziyarət elədilər. Milli Şuranın prezidentliyə vahid namizədi,
professor Cəmil Həsənli, Müsavat başqanı İsa Qəmbər, KXCP sədri Mirmahmud
Mirəlioğlu, AXP sədri Pənah Hüseyn və Milli Şuraya daxil olan digər
partiyaların üzvlərinin qatıldığı bayram törəni dövlət himnimizin səslənməsi
ilə başladı.
Bundan
sonra Cəmil Həsənli çıxış edərək Bakının azad edilməsi münasibəti ilə bütün
Azərbaycan xalqını təbrik etdi. O, tarixə qısa ekskurs elədi: “Azərbaycan Xalq
Cümhuriyyəti elan edildikdən sonra Azərbaycanda vəziyyət o qədər də sadə
deyildi. Ölkənin tək siyasi mərkəzi yox, həm də iqtisadi və mədəni mərkəzi olan
Bakı şəhəri yadellilərin əsarəti altında idi. Belə bir vəziyyətdə 1918-ci ilin
iyun ayında Gəncəyə köçən milli hökumətin qarşısında duran əsas məsələ Bakının
işğaldan azad olunması ilə bağlı idi. Bu məqsədlə də türk nizami ordusundan və
Azərbaycan könüllülərindən ibarət Qafqaz İslam Ordusu yaradıldı. İyunun 21-dən
etibarən ölkədə fövqəladə vəziyyət elan edildi və Bakıya doğru böyük bir yürüş
başladı. Həmin dövrdə I Dünya müharibəsi davam etdiyi üçün neftə tələbat da çox
idi. Buna görə də böyük dövlətlər nəyin bahasına olursa olsun Bakını işğal edib
Azərbaycan neftinə sahib olmaq istəyirdilər. Bir tərəfdən ingilislər, digər
tərəfdən almanlar və ruslar Bakını ələ keçirməyə, Bakıya sahib olmağa çalışırdılar.
Fəqət, Bakıya doğru yön alan qüvvələr içərisində bir qüvvə də var idi ki, o
qüvvə dindaşlıq və millətdaşlıq təəssübkeşliyi ilə gələn Qafqaz İslam Ordusu
idi. Gəncədən Bakıya qədər olan yolu qət etmək İslam ordusuna elə də asan başa
gəlmədi. Amma Dünya müharibəsinin bütün cəbhələrində böyük zəfər qazanmış,
Çanaqqalada döyüşmüş hərbi hissələrdən təşkil olunan İslam ordusu sözün tam
mənasında Bakıya doğru zəfərlə irəliləyirdi. Və bu irəliləyişin nəticəsində
1918-ci il sentyabrın 15-də İslam ordusu Bakını yadellilərin işğalından azad
edə bildi”.
Daha
sonra Cəmil Həsənli Bakının niyə məhz sentyabrın 15-də işğaldan azad edilməsi
məsələsinə aydınlıq gətirdi: “Bu haqda hərbi nazir Ənvər paşanın təlimatı var
idi, sentyabr ayının 15- i Qurban bayramı gününə təsadüf edirdi və buna görə də
həmin təlimatda göstərilirdi ki, müsəlmanlar öz bayramlarını öz şəhərlərində
qeyd etməlidirlər. Həmin gün İstanbul qəzetləri iki qurban kəsildiyi haqda
yazmışdılar - biri Qurban bayramı, digəri isə Bakının azad edilməsi ilə bağlı
idi”.
Cəmil
Həsənli bildirdi ki, Bakının ən gözəl, ən görməli yerlərindən birində Nuru
Paşanın heykəli qoyulmalıdır: “Bu, onun haqqıdır və biz bu haqqı ona
qaytarmalıyıq. Mən sonda bütün Azərbaycan xalqını bu əlamətdar Bayram
münasibəti ilə təbrik edirəm”!
Daha
sonra çıxış edən Müsavat başqanı İsa Qəmbər bu tarixi günü Azərbaycan xalqının,
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri adlandırdı: “15 sentyabr
Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Təsadüfi deyil ki, bu
günü Məmməd Əmin Rəsulzadə öz əhəmiyyətinə görə 28 May istiqlal gününə bərabər
bir gün kimi qiymətləndirirdi. Tamamilə haqlı idi, çünki bu gün Azərbaycanın
müstəqil bir dövlət kimi oluşmasını təsdiq edən, mümkün edən bir gün idi. Bu,
Türkiyə-Azərbaycan birliyinin tarixən ən önəmli günlərindən biridir, türk
birliyinin sübutu olan bir gündür. Həmçinin, Azərbaycan xalqının tarixinin
bəzilərinin təqdim etmək istədiyi kimi yalnız məğlubiyyətlərdən deyil, həm də
qələbələrdən ibarət olan bir tarix olduğunu sübut edən bir gündür. Çünki həmin
gün Qafqaz İslam Ordusu Türkiyədən gələn bizim qardaşlarımızın həlledici
iştirakı ilə, Azərbaycan əsgərinin iştirakı ilə Bakımızın işğaldan azad
edildiyi bir gündür ”.
Daha
sonra İsa Qəmbər Azərbaycan tarixini bilməyin zəruriliyini gənclərimizin
diqqətinə çatdırdı. İsa Qəmbərin sözlərinə görə, keçmişini, tarixini bilməyən
xalq gələcəyini qura bilməz: “Cəmi 21 il əvvəl Bakının ən yüksək nöqtəsində
Kirov adlı bir rus kommunistinin heykəli ucalırdı. Mənə elə gəlir ki,
gənclərimizin əksəriyyəti bunu bilmirlər. 34-cü ildən 94-cü ilə qədər Bakının
ən yüksək məntəqəsində, rus bolşevikinin, rus kommunisti Kirovun heykəli
ucalırdı. Həmin o heykəli kommunistlər 1918-ci il mart qırğınının qurbanlarının
qəbirləri üstündə ucaltmışdırlar... Bunları ona görə deyirəm ki, bəzən ”önəmli
olan gələcəkdir, keçmişin əhəmiyyəti yoxdur", deyirlər. Təbii ki, gələcək
önəmlidir, ancaq biz gələcəyimizi keçmişimizi bilmədən qura bilmərik. Cəmil bəy
tamamilə haqlı dedi ki, Bakı həlledici məsələ idi. O zaman bir çoxları Bakını
öz paytaxtları etmək istəyirdilər. Ancaq buna Nuru Paşa və onun komandanlıq
etdiyi Qafqaz İslam Ordusu imkan vermədi. Ona görə də biz bu tarixi günün
dəyərini, qiymətini verməyə borcluyuq".
Daha
sonra İsa Qəmbər qarşıdan gələn prezident seçkilərində demokratik düşərgəni və
bütövlükdə Azərbaycan xalqını Cəmil Həsənlinin ətrafında birləşməyə çağırdı.
KXCP-
nın sədri Mirmahmud Mirəlioğlu isə öz çıxışında bugünkü Bakının hakimiyyətin
əlindən azad edilməsinə ehtiyac olduğunu vurğuladı: “Qəhrəman Nuru Paşanın
komandanlığı altında 95 il öncə işğaldan azad edilmiş Bakının bu gün yenidən
azad edilməsinə ehtiyac var. Biz bu gün Bakını hakimiyyətin əsarəti altından
azad etməliyik. Nə qədər ki, biz bunu həyata keçirə bilməmişik, o vaxta qədər
də gücümüz yalnız Şəhidlər xiyabanını ziyarət etməyə çatacaq”.
Daha
sonra müxalifət nümayəndələri 20 Yanvar, Qarabağ şəhidlərinin məzarlarını və
Türk şəhidliyini ziyarət elədilər.
Moderator.az