2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Zaqatala rayonunun
ən böyük yaşayış məntəqələrindən biri olan Muxax kəndində YAP-ın seçki
qərargahının sədri olmuş İbrahim Şabanov partiyadan istefa verib. Bu barədə
onun özü məlumat yayıb.
Vaxtilə İlham Əliyevin “Mən bütün Azərbaycan xalqının prezidenti olacağam” sözlərinə inandığını, lakin yanıldığını deyən İbrahim Şabanov deyir ki, builki seçkidə namizədlərin imzatoplama kampaniyası zamanı ailə üzvlərilə birlikdə Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə imza verdikləri üçün təzyiq və təhqirlərlə üzləşib.
“Üzvü olduğum partiyanın nizamnaməsilə fəaliyyəti tamamilə ziddiyyət
təşkil edir. Partiyanın siyasətini müəyyən edən oliqarx məmurların bu siyasəti
ölkənin çiçəklənməsinə yox, şəxsi mənafelərinə yönəlib. Azərbaycan günü-gündən
çirkabın dərinliklərinə yuvarlanır, idarəetmə getdikcə diktaturaya çevrilir.
Bütün bunlara etiraz edərək, eyni zamanda, bu addımımın Azərbaycanı idarə
edənlərə siqnal olacağı ümidilə, heç olmasa, gələcəkdə baş verə biləcək pisliklərə
görə mənəvi məsuliyyət daşımamaq üçün YAP-ın sıralarını tərk edirəm. Digər
partiyadaşlarıma da belə addım atmağı tövsiyə edirəm. Həmçinin onları bu
prezident seçkisində professor Cəmil Həsənliyə səs verməyə çağırıram”, - deyə
İbrahim Şabanov bildirib.
Moderator.az