Bu gün
dünyanın ən gənc siyasi məhbusu, NİDA Vətəndaş Hərəkatının üzvü Şahin
Novruzlunun doğum günüdür.
Bu məlumatı Moderator.az-a “NİDA”nın mətbuat xidmətindən
verilib.
Məlumata görə, sentyabrın 16-da Şahin Novruzlunun 18 yaşı tamam olur.
Bu münasibətlə dostları və fəal gənclər Şahinin ad günün təbrik etmək üçün
sosial şəbəkələrdə ona kütləvi dəstək məlumatları yayırlar. Gənclər,
aktivistlər, partiyalar, beynəlxalq təşkilatlar dünyanın ən gənc siyasi məhbusu
olan Şahin Novruzlunun dərhal azadlığa buraxılmasını tələb edirlər. Lakin
Azərbaycan hakimiyyəti Şahin Novruzlunu hələ də həbsdə saxlamağa davam edir və
beynəlxalq təşkilatların, ictimaiyyətin, diplomatların təpkisinə reaksiya
vermir.
Şahin Novruzlunun adı təşkilatların hesabatlarına dünyanın ən gənc siyasi
məhbusu kimi düşüb.
Qeyd edək ki, Novruzlu Şahin İbrahim oğlu 16 sentyabr, 1995-ci ildə
Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. 2012-ci ildən həbs
edilənədək Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alırdı.
2013-cü ilin fevralında NİDA Vətəndaş Hərəkatına qoşulub. 7 mart,
2013-cü il tarixində MTN əməkdaşları tərəfindən küçədə saxlanaraq yaşadığı evə
aparılıb, evdən narkotik maddə və “Molotov kokteyli” “tapılıb”, bu ittihamla
həbs edilib. O və NİDA-nın bir neçə üzvü aksiyalar zamanı kütləvi iğtişaş
törətməkdə ittiham olunurlar.