Milli Şuranın
sədri Rüstəm İbrahimbəyovun son müsahibəsindəki açıqlamaları
mediada və siyasi kuluarlarda ciddi müzakirələrə səbəb olub. Sözügedən
müsahibədə bir sıra sensasion məqamlar üzə çıxıb. Rüstəm İbrahimbəyov
"məni vahid namizəd olmağa məcbur etdilər"-deyə bildirib. Lakin
"El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev Avropa.info-ya açıqlamasında
R.İbrahimbəyovun belə bir fikir işlətdiyinə inanmadığını deyib: "Rüstəm
müəllim ləyaqətli, şəxsiyyətli, bütöv bir adamdır. O, siyasi intriqalarda, oyunlarda
iştirak eləmir. Onun məqsədi Azərbaycanda siyasi intriqalardan, ambisiyalardan
yorulmuş qüvvələri birləşdirib demokratik düşərgəyə çevirmək idi. Rüstəm
müəllim bu məqsədinə nail oldu. Milli Şuranın sədri seçilməyində də ona bəzi
təzyiqlər oldu. Vahid namizəd kimi razılaşdırılmasında da ondan müəyyən
xahişlər oldu. Bunlar ona görə idi ki, Azərbaycanda yeni yaranmış Milli Şura
adlı demokratik bir institut dağılmasın. Əslində Rüstəm İbrahimbəyov özünü
qurban verdi. İndi ona qarşı öz qəzeti və saytları vasitəsilə ona qarşı
kampaniyaya başlayanlara bu başucalığı gətirməz. Yaddan çıxarmaq lazım deyil
ki, Cəmil Həsənli Rüstəm İbrahimbəyovun təqdimatı ilə vahid namizəd olub. Onun
köməyi və ağsaqqallığı ilə də işini davam etdirir. Onu da yaddan çıxartmaq lazım
deyil ki, demokratik düşərgənin indi oturduğu o evin ideyasını da,
arxitektorluğunu da Rüstəm İbrahimbəyov edib. İndi hər hansı bir sözünə görə
onun üstünə düşmək ən azı siyasi etikadan uzaqdır". Qeyd edək ki, R.
İbrahimbəyov müsahibəsində həmçinin bundan sonra siyasətlə məşğul olmayacağını
da deyib. E.Quliyevin sözlərinə görə, Milli Şura sədrinin bu
ifadəsini mövqe dəyişikliyi kimi təqdim edənlər səhvə yol verirlər: "Bu
sözün Rüstəm İbrahimbəyovun ağzından çıxdığını deyə bilmərəm. Çünki
mətbuat öz mənafeyinə uyğun olaraq onun ifadələrini dəyişə bilər. Rüstəm
İbrahimbəyov uzaqbaşı deyə bilər ki, mən siyasətdən kənarda qalmağa daha çox
üstünlük verirəm". Mətbuatda R.İbrahimbəyovun Gürcüstanda
müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənli ilə görüşdükdən sonra
Mili Şuranın sədrliyindən istefa verəcəyi məsələsinə gəldikdə isə,
E.Quliyev bunu dezinformasiya hesab edir: "Bu, Rauf Arifoğlunun
yatıb yuxuda gördüyü bir xəyaldır. İnanmıram ki, belə bir şey olsun. Onun
kimilər sonra da deyəcəklər ki, Rüstəm İbrahimbəyov hakimiyyətlə işbirliyinə
getdi və sairə". "Yeni Müsavat" qəzetində dərc olunmuş
"Rüstəm İbrahimbəyov Milli Şura sədrliyindən istefa verir. R.İbrahimbəyov
əqidəsinə sadiq adamdır və heç vaxt belə hərəkətlərə yol verməz."
Moderator.az