Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən flora alqı-satqı mərkəzlərində vətəndaşların kütləvi şəkildə aldadılması prosesi baş verir. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, Bakı və Sumqayıt şəhərlərində, habelə paytaxtətrafı ərazilərdəki “Green House”llar da yerli məhsullara saxta etiketlər yazılaraq müştərilərə xarici məhsullar kimi təqdim edilir: “Bu mərkəzlərdə vətəndaşlara dəyəri 200-1000 manat arasında dəyişən qızılgüllər, habelə müxtəlif adlı və formalı ekzotik ağac və kollar təklif edilir. Müştərilərə təqdim edilən məhsulların üzərindəki etiketlərdə həmin məhsulların Hollandiya, İtaliya və s. ölkələrdən gətirildiyini göstərilsə də, əsl həqiqət tamamilə fərqlidir. Belə ki, vətəndaşların təklif edilən güllərin, xüsusilə də qızılgüllər və zeytun ağaclarının bir çoxu Azərbaycandakı parniklərdə yetişdirilir. Daha sonra onların üzərinə müxtəlif etiketlər yapışdırılır ki, bu etiketlərdə də həmin məhsulun Avropa bazarından idxal edildiyi göstərilir. Nəticədə, sahibkarlar təklif edilən məhsulların qiymətinin yol və gömrük xərcləri səbəbi ilə artdığını iddia edərək bu məhsulları vətəndaşlara bir neçə dəfə baha qiymətə satırlar”.