ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 1 nömrəli aralıq hesabat yayıb. Azərbaycan Mərkəzi Seçki Komissiyasından APA-ya verilən məlumata görə, hesabatda seçkilərə hazırlığın gedişatına dair bir sıra fikirlər səsləndirilib. Bununla əlaqədar MSK aşağıdakıları diqqətə çatdırıb:
"Qadın namizədin irəli sürülməməsi ilə bağlı
bildiririk ki, gender bərabərliyi Azərbaycan Respublikası Konstitusiyasının
25-ci maddəsi ilə təmin edilib. Qadınlar həm parlamentdə, həm də Azərbaycan
hökumətinin və məhkəmə hakimiyyətinin tərkibində geniş təmsil olunublar. Bu
seçkilərdə də qadınların passiv seçki hüququndan istifadə etmələri üçün hər cür
şərait yaradılıb. Qadınların yaradılan bu imkanlardan istifadə etməmələrinin
hesabatda vurğulanması ən azı anlaşılmazdır. Yeri gəlmişkən, Avropa
ölkələrindən indiyədək qadın dövlət başçısı olmayan bir çox nümunələr göstərmək
olar.
2010-cu il parlament seçkilərindən sonra
ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin (şikayətlərin baxılması dövrünün
azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmaması ilə bağlı bildirmək
istərdik ki, 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilib. Bu haqda
məlumat MSK-nın sədri tərəfindən ATƏT/DTİHB-nin direktoru cənab Janez Lenarçiçə
cari il avqustun 12-də ünvanlanıb.
Seçki komissiyalarının təşkili formulası ilə bağlı
bildirmək istərdik ki, Azərbaycan tarixində 2000-ci ildə ATƏT/DTİHB-nin
tövsiyələrinə tam uyğun olaraq parlamentdə təmsil olunan müxalifət və iqtidar
partiyalarının paritet təmsilçiliyi əsasları ilə seçki komissiyaları
formalaşıb. İndiki müxalifətdə olan siyasi partiyalar bu paritetdən MSK-nın
işini boykot etmək üçün istifadə ediblər. MSK-nın üzvləri qanunla tələb edilən
kvorumun olmadığına görə qanunla müəyyən edilmiş müddətlərdə müvafiq qərarları
qəbul edə bilməyiblər və MSK iflic vəziyyətinə düşüb. ATƏT/DTİHB-nin o vaxtkı
direktoru Jerar Studman adından müxalifət liderlərinə konstruktiv mövqedən
çıxış etmək çağırışları ilə məktubların göndərilməsinə baxmayaraq, boykot davam
edib və Konstitusiya ilə müəyyən edilən müddətlərin pozulması təhlükəsi
yaranıb. Seçki komissiyalarının təşkili formulası bundan sonra Milli Məclis
tərəfindən təkmilləşdirilib.
Bütün televiziya kanallarının hökumətin nəzarəti
altında olması ilə bağlı irada gəldikdə, seçkiləri müşahidə missiyasının
nəzərinə çatdırmaq istərdik ki, Azərbaycanda bir dövlət televiziya kanalı, bir
ictimai televiziya kanalı və 33 özəl televiziya kanalı (5 ölkə səviyyəli, 14
regional və 14 kabel) fəaliyyət göstərir. Belə bir qənaətə gəlinməsinə əsas
verən əldə olan faktların və ya buna şərait yarada biləcək qanunların adlarının
MSK-ya təqdim olunmasını istərdik.
Bu mövqe, həmçinin ATƏT/DTİHB-nin Seçki Müşahidə
Missiyasının əlaqələndiriciləri tərəfindən qanunvericiliyi və onun hazırkı
implementasiyasını QHT-lərin seçki prosesini müşahidə etmək qabiliyyətinə mane
olan hal kimi səciyyələndirilməsinə də aiddir.
Onu da qeyd etmək istərdik ki, seçki prosesində
qeydiyyatdan çıxma vəsiqəsi seçicilərin səsvermə hüquqlarının təminatı üçün
effektli vasitə hesab edilməlidir. Bu məqsədlə də MSK hesabatda qeyd edilən
sayda qeydiyyatdan çıxma vəsiqəsi çap etdirməklə seçicilər üçün geniş imkanlar
yaradıb. Hesabat dərc edilən vaxt həmin vəsiqələrin az sayda seçicilər tərəfindən
alınmasını yekun göstərici kimi qəbul etmək olmaz. Bu proses seçki gününə 3 gün
qalmışadək davam edir və sonda istifadə edilməmiş qeydiyyatdan çıxma vəsiqələri
qanunvericilikdə nəzərdə tutulmuş qaydada müşahidə altında rəsmi olaraq ləğv
edilir.
ATƏT/DTİHB-nin aralıq hesabatında təəccübə səbəb
olan anlaşılmazlıqlar seçkiləri müşahidə missiyasının bu istiqamətdə
fəaliyyətinin (seçki günü aparılan müşahidə də daxil olmaqla) daha da şəffaf
qurulmasına zərurətin olması təəssüratı yaradır. Hesab edirik ki,
müşahidəçilərin seçki gününə dair rəylərinin seçkilərdən dərhal sonra
ayrı-ayrılıqda ATƏT-in internet saytında yerləşdirilməsi ilə bağlı cəmiyyətdə
tez-tez səslənən təklifin nəzərə alınması missiyanın fəaliyyətinə ictimai
etimadın artırılması baxımından faydalı olardı”.
Moderator.az