ABŞ prezidenti
Barak Obama xalqa müraciətində İran prezidenti Həsən Ruhani ilə məktublaşdığını
açıqlayıb. Moderator.az-ın CNN-ə
istinadən verdiyi məlumata görə, Barak Obama müzakirələrin məğzini açıqlamayıb.
ABŞ prezidenti Vaşinqtonla Tehran arasında 11 ildir ki, davam edən və İrana
qarşı sərt sanksiyalara səbəb olan nüvə proqramı ilə bağlı bir anlaşma əldə
ediləcəyinə ümidini də ifadə edib: “İranın nüvə məsələsi bizim üçün Suriyadakı
kimyəvi silah məsələsindən daha böyük məsələdir. İranlılar ilə müzakirə hər zaman
çətindir. Amma mən ümidimi itirmirəm”.
ABŞ
mətbuatı isə bu çıxışdan sonra gələn həftə Nyu-Yorkda keçiriləcək BMT
toplantısında Barak Obama ilə Həsən Ruhaninin görüşünün keçiriləcəyi, 36 ildən
sonra Vaşinqtonla Tehran arasında birbaşa təmasın başlayacağı barədə xəbərlər
yayıb. Qeyd edək ki, keçən həftə İran xarici işlər naziri Məhəmməd Cavid Zarif
“Twitter” səhifəsində yəhudilərin Roş Haşana bayramını təbrik edib. O, İranın
yəhudilərin soyqırımını inkar etmədiyini, inkar edən şəxsin, yəni sabiq prezident
Mahmud Əhmədinejadın isə artıq vəzifədən getdiyini bildirib.