Diaspora ilə iş üzrə dövlət komitəsinin sədri Nazim İbrahimovun baş nazirin sabiq birinci müavini Abbas Abbasov barəsində tənqidi bəyanatı böyük rezonansa səbəb olub. Qeyd edək ki, N.İbrahimov Abbas Abbasovun bəyanatı ilə əməlinin ust-üstə düşmədiyini deyib: “Abbas Abbasovun Söyün Sadıqov kimi Azərbaycan dövlətini dağıtmağa xidmət edən bir adamla eyni çətir altında olması düzgün deyil. Çünki belə bəyanatların müəllifi A.Abbasov kiminlə eyni çətir altında olmasına diqqət edərək, özü üçün dəqiqləşdirmələr etməli, azərbaycançılıq ideologiyasına xidmət edən mövqeyini aydın şəkildə ortaya qoymalıdır. Yalnız bundan sonra biz onunla hər zaman əməkdaşlığa hazır olacağıq”.
“Bizim Yol”a eksklüziv açıqlamasında Abbas Abbasov isə Nazim İbrahimovun söylədiklərinə bir neçə cümlə ilə cavab verib: “Mən Azərbaycan dövlətinə xidmətimi əməlimlə sübut eləmişəm. İndi gündə hərə bir söz deyir, durub hər adama cavab verəsi deyiləm. Kim nə danışır, öz işidir. Mən mənasız söhbətlərə şərh vermək niyyətində deyiləm”.