Aynur Mehdiyeva filippinli dayəni gündə 22 saat işlədir, döyür və ac saxlayırmış
Sabiq millət vəkili Gültəkin Hacıbəyliyə qarşı siyasi repressiyanın növbəti addımı olaraq onun keçmiş həyat yoldaşı və baldızı Mahmud və Aynur Mehdiyevlər tərəfindən "böhtan" ittihamı ilə məhkəməyə verilməsi barədə dəfələrlə yazmışıq. Fakt üzrə cinayət işi açılsa da, filippinli qadın iş üzrə zərərçəkmiş kimi tanınsa da bugünədək Aynur Mehdiyeva cinayət məsuliyyətindən yayındırılır, əvəzində onun "şərəf və ləyaqətini təhqir edən", əslində isə Aynur Mehdiyevanın törətdikləri barədə DİN-in rəsmi məlumatını müsahibəsində xatırladan Gültəkin Hacıbəyli təqib olunur. 01.11.2013-cü il tarixində BBC Azərbaycan xidmətinin yaydığı "Filippinli dayənin hekayəsi" adlı yazıda 28 yaşlı filippinli qadının başına gətirilən işgəncələr onun öz dilindən qələmə alınıb. Yazını qısa ixtisarla oxucularımıza təqdim edirik.
“Evin xanımı məni vururdu, başıma su tökürdü, dəsmalla ağzıma da vurub. Sağ qolumda “hematoma” yaranıb”, gənc qız ağlayaraq yaşadıqlarını danışır.
Lakin pasportu əlindən alındığından o, evi tərk edə bilmirmiş. İşi bitirməyə qərar verəndən sonra isə, bir aylıq maaşını ala bilmədiyini deyir.
Hazırda bu iş üzrə və xanımın "insan alveri qurbanı" tanınması istiqamətində istintaq işləri davam etdirilir.
Adının çəkilməsini istəməyən 28 yaşlı bu filippinli xanım Azərbaycana təxminən bir il öncə, Dubayda fəaliyyət göstərən "NanniesDubai" işədüzəltmə saytının köməyilə gəlib.
Çalışdığı bir il ərzində istirahətinin olmadığını deyən dayə iddia edir ki, 2 yaş 3 aylıq uşağa baxıb, həmçinin müqavilədə nəzərdə tutulmayan işləri görüb- işəgötürənin özünün və anasının evini təmizləyib.
2012-ci ilin sentyabrında isə vəziyyət gərginləşib və dayə işdən çıxmaq istəyib. Bunun birinci səbəbi, özünüm dediyinə görə, əllərində başlayan allergiya xəstəliyi olsa da, başqa səbəbi "döyülməsi" olub.
“Üz üçün tonlaşdırıcı krem almışdım, evində işlədiyim qadın məni vurdu və dedi ki, sən niyə icazəsiz özün üçün nəsə almısan? Əslində öz pulumdan almışdım, niyə almayım ki?”
Döyülmə və təhqir
İşəgötürən dayənin işdən çıxma istəyinə isə belə cavab verib, “sənə görə 4000 dollar işədüzəltmə agentliyinə, 2500 isə Miqrasiya Xidmətinə ödəmişəm. Bu pulu qaytara bilsən, ya da kimsə sənə qaytarmağa kömək etsə, mən sənə getməyə icazə verərəm”.
Dayənin ölkəsinə qayıtmağına mane olan başqa bir səbəb, pasportunun evin xanımı tərəfindən götürülməsi olub, “ilk gələndə mənə dedi ki, pasportunu ver, sənə iş vizası düzəldəcəyəm". Lakin o, pasportunda “iş vizası”nı görmədiyini deyir.
Onun sözlərinə görə, bu ilin yanvar ayından yatmaq zamanı da "azaldılıb".
“Əvvəllər gecə 2-dən 8-ə kimi yatırdım, yanvardan gecə 5, ya 6-dan səhər 8-ə kimi yatmağa icazə verilirdi. Gecələr ya öz evini, ya da anasının evini təmizləyirdim”.
Dayə deyir ki, sonra dəfələrlə döyülüb - uşaqlardan birinin geyimi hazır olmadığından ev sahini onu "plastik stulla" vurub.
Sonra isə “anasının evində, hamının, atası-anası, bacısı, qardaşı, oğlu və qızının gözləri qarşısında şillə vurdu. Atası və qardaşı dedi ki, vurma”.
Bu dəfə səbəb uşağın papağının evdən çıxarkən götürülməməsi olub, dayə iddia edir.
Bir dəfə isə “madamla danışmağa cəhd etdim. Amma ağzımdan dəsmalla vurdu və dedi ki, sənə danışmağa icazə vermirəm. Mən xanımam və istədiyimi edərəm”.
Dayə deyir ki, "döyülməklərinə" görə, sağ qolunda dirsəkdən yuxarı hissədə “hematoma” (zərbə nəticəsində qan damarlarının partlaması və toxumalara qan yığılması) yaranıb.
Məhz bu “hematoma” onun qurtulmasına səbəb olub, o deyir. Evdə çalışan başqa bir xanım ona başa salıb ki, döyülməyini qadının ərinə deməlidir, “amma mən utanırdım”, dayə deyir.
“Əri mənlə çox yaxşı rəftar edirdi, ailədən birisi kimi. Ara-sıra uşaqları və madamın harada olduğunu soruşurdu”.
“Madam mənə dedi ki, sən mənim ərimlə danışmısan, o mənə acıqlanıb. Bəlkə sən mənim ərimi istəyirsən? Xanım olmaq istəyirsən?-dedi və vurdu. Mən çox qorxdum. Mənə belə deyəndə çox qorxuram...”
O deyir ki, zaman getdikcə, yuxuya da getməsi çətinləşib. Bəzən isə, "yemək yemirmiş".
“Madama deyəndə ki, acam, deyirdi ki, aaa, səni unutmuşam”. Necə olur, heç vaxt unutmurdu ki, mən haranısa təmizləməliyəm, amma mənim yeməyimi unudurdu”.
Dayə deyir ki, təbiətcə sakit olması onun başına belə hadisələri gətirib, “o hiss elədi ki, istədiyini edə bilər mənlə”.
Polis
İyun ayında isə, uşağı küçədə gəzdirərkən başqa bir qadının ona dayəlik təklifi, onun işdən getməsi barədə qərarına kömək edib.
“Mən qadına dedim ki, bir ilim tamam olub, evin xanımı mənə maaşımı vermir, məni döyür və hematomam var. O niyəsini soruşdu, dedim ki bilmirəm. Mən ondan bu əraziyə polis gətirməsini istədim”.
Dayə sonradan həmin qadını görmədiyini deyir.
Bir həftədən sonra dayə günorta zamanı həmin ərazidə polisləri görür. Bu o vaxta təsadüf edib ki, dayə yenidən "vurulub".
"Mətbəxi təmizləyəndə mənə dedi ki, sən astagəlsən və vurdu. Ona dedim ki, bu, çoxdu mənim üçün. Mən sənin uşağın üçün gəlmişəm, qulluqçu kimi yox. O zaman dedi ki, sən madam olmaq istəyirsən"...
Sonra dayə işəgötürəndən qardaşı ilə danışmaq üçün kompüterini istəyib və qardaşına başına gələnləri yazıb. Qardaşının işəgötürənə zəngindən sonra, evin xanımı dayədən yalnız öz vəzifəsi üçün işdə qalmasını istəyib.
“Bir gün əvvəl sənə demək istəyirdim ki, səni döymək istəmirəm, təkcə uşağa bax. Amma vaxtım olmadı. Qardaşına niyə demisən? Dedim ki, başqa şansım yox idi və artıq çox gecdir”, - filippinli qadın bunları danışaraq ağlayır.
Uşaqla növbəti gəzmək zamanı isə, dayə polis müfəttişlərinin onu axtardığını görüb, "polis məndən pasportumu istədi və mən də dedim ki, işəgötürəndədir".
“Mən uşağa dedim ki, məni gözlə, gələcəyəm 5 dəqiqəyə. Çünki elə bilirdim ki, polis məni geri dönməyə izn verəcək”.
Lakin dayə 3 gün polisdə qalıb və onun üçün tərcüməçi tutulub.
Üzləşdirmələr zamanı isə, işəgötürən ona maaşını öncədən ödədiyini, dayəninsə bu pulu yerliləri vasitəsilə ailəsinə göndərdiyi iddia edilib. Həmçinin, hematomanın uşaq tərəfindən qayçı ilə vurulması səbəbilə yarandığı deyilib.
Hazırda dayənin "insan alveri qurbanı" kimi tanınması üçün işlər gedir. Müvəqqəti yaşamaq icazəsi sənədi verilsə də, pasportu istintaqa təqdim olunub".