Milli Şura sədri Cəmil Həsənli “Hürriyyət” qəzetinə müsahibə verib. Moderator.az həmin müsahibəni oxuculara təqdim edir.
- Cəmil bəy, yaxın gələcəkdə Milli Şuranın sıralarının genişləndirilməsi, onun daha səmərəli fəaliyyət ortaya qoyması üçün hansısa dəyişiklik və yeniliklər həyata keçirilməsi gözləniləndirmi? Milli Şuranın bununla bağlı hansısa planı varmı?
- Milli Şuranın genişləndirilməsi strateji məqsəd olaraq Milli Şuranın qarşısında dayanır. Artıq bu istiqamətdə müəyyən işlər də həyata keçirilib. Bu məqsədlə Milli Şuranın əsasnaməsi qəbul olundu. Qeyd edim ki, Milli Şuraya qəbul olunmaqla bağlı çoxlu müraciətlər mövcuddur. Hazırda bu istiqamətdə müzakirələr aparılır. Bir sıra təşkilatlarda təmsil olunan şəxslərin Milli Şurada təmsilçiliyi məsələsi də müzakirə edilir. Lakin hələlik bu şəxslərin ismini açıqlamaq istəmirik. Lakin yəqin ki, gələcək proseslərdə Milli Şurada təmsil olunacaq şəxslərin kimliyi hər kəsə bəlli olacaq.
- Bəzi siyasilər iddia edir ki, Milli Şurada ölkədəki bütün milli qüvvələr təımsil olunmur və bu baxımdan da sözügedən qurumu Milli Şura kimi xarakterizə etmək düzgün deyil. Necə hesab edirsiniz, Milli Şurada yetərincə milli qüvvə təmsilçiləri mövcuddurmu? Ümumiyyətlə, Milli Şura sədri olaraq bütün milli qüvvələrin Milli Şurada təmsilçiliyini zəruri hesab edirsinizmi?
- Əgər kimsə, hansısa ictimai-siyasi təşkilatsa bu fikirdədirsə, yəni özünü milli qüvvə hesab edir və düşünürsə ki, Milli Şurada bu qüvvələrin təmsilçiliyi zəruridir, buyurub gəlsinlər və Milli Şurada təmsil olunsunlar. Biz onların Milli Şurada təmsilçiliyi ilə bağlı məsələləri müzakirə edə bilərk. Lakin mən hesab edirəm ki, Milli Şurada özünü milli hesab edən təşkilatlar, şəxslər var. Bu şəxslərin sayı kifayət qədərdir. Yəni Azərbaycanın siyasi həyatında fəaliyyət göstərən bütün qurum və şəxslərin Milli Şurada təmsilçiliyi şərt deyil. Milli Şura adına gəlincə deməliyəm ki, ad bu məsələdə nominal xarakter daşıyır. Hətta Müsavat Partiyası Milli Şurada təmsil olunanda belə bu iddianı irəli sürmək olardı. Çünki həmin vaxt da xeyli partiya və təşkilat Milli Şuradan kənarda idi. Bu baxımdan mən Milli Şura ilə bağlı səslənən bu iddiaları əsassız hesab edirəm. Hesab edirəm ki, Milli Şura həqiqətən də milli qüvvələrin birliyidir və bu qüvvələr demokratiya uğrunda mübarizə aparmaqda israrlıdır.
- Milli Şura bələdiyyə seçkiləri ilə bağlı hansı mövqe sərgiləyəcək? Bununla bağlı təşkilat daxilində hansısa müzakirələr olubmu?
- Bələdiyyə seçkiləri ilə bağlı Milli Şura daxilindəki müzakirələr olub və bu gün də davam edir. Bu müzakirələr başa çatandan sonra onun yekunları haqqında mətbuata məlumat verəcəyik.
- Milli Şuranın öz sıralarını genişləndirəcəyi, öz aktivliyini artıracağı təqdirdə hakimiyyətin də buna adekvat olaraq Milli Şuraya qarşı təzyiq siyasətini gücləndirəcəyini güman edirsinizmi?
- Bunun üçün Milli Şura sıralarının genişlənməsini gözləmək lazım deyil. Çünki hakimiyyət hazırkı vəziyyətdə belə Milli Şuraya kifayət qədər ciddi təzyiq göstərir. Hakimiyyət çox kəskin şəkildə Milli Şuraya qarşı mübarizə aparır və onu sıradan çıxartmağa çalışır. AXCP-nin qərargahının partladılıması bir tərəfdən bu partiyaya görə idisə, digər tərəfdən isə Milli Şuraya görə idi. Rövşən Əhmədlinin ofisində iki dəfə Koordinasiya Mərkəzinin toplantısını keçirdik. Bundan dərhal sonra ofis sahibi R.Əhmnədliyə bildirdi ki, o, müqaviləni pozur və ofisin geri qaytarılmasını tələb edir. Bütün bunların hamısı hakimiyyətin təzyiqləri ilə bağlı idi. Bu bir daha sübut edir ki, hakimiyyət Milli Şuranın fəaliyyətini məhdudlaşdırmaq, onu sıradan çıxartmaqda qərarlıdır.
- Hakimiyyətin Milli Şuraya yönəlik təzyiqlərinin qarşısını almaq, demokratik qüvvələrin daha effektli mübarizəsinə nail olmaq üçün beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlıq etmək niyyətiniz varmı?
- Bizim bütün planlarımız Azərbaycan xalqına, onun azadlıq və rifahının yaxşılaşmasına yönəlib. Azərbaycandakı proseslərin mərkəzində də Azərbaycan xalqı dayanır. Milli Şura daha çox Azərbaycan xalqı ilə işləməyə üstünlük verir. Bunu öz fəaliyyətində prioritet istiqamət kimi müəyyənləşdirib və gələcək də bu, Milli Şura üçün prioritet məsələ olaraq qalacaq.
Seymur Əliyev