Daxili işlər nazirinin müavini - Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədov qoşunların Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsində olub. Moderator.az xəbər verir ki, bu barədə APA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.
Daxili Qoşunların komandanı şəxsi heyətin kazarma-məişət şəraiti, qidalanması, sağlamlıq durumu və təminat-təchizatı ilə tanış olub, ərazidə aparılan quruculuq-abadlıq işləri ilə maraqlanıb.
Hərbi hissə komandiri döyüş hazırlığının vəziyyəti, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji durumu barədə məruzə edib.
General-mayor Ş.Məmmədov həmin gün övladları ilə görüşə gələn əsgər valideynləri ilə də görüşərək, onların müraciətlərini dinləyib.
Əsgər valideynləri ilə görüşün təşkil olunmasında əsas məqsədin onların müraciət və təkliflərinin dinlənilməsi olduğunu vurğulayan Daxili Qoşunların komandanı əvvəlcə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, habelə sabitliyin qorunub saxlanılmasında mühüm rol oynayan DİN-in Daxili Qoşunlarının əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Ş.Məmmədov qeyd edib ki, hazırda DİB-in tərkib hissəsi olan Daxili Qoşunların şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərtərəfli şəraitə malik yaşayış komplekslərinin, yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikilib istifadəyə verilməsi dövlət başçısının hərbi qulluqçulara göstərdiyi diqqət və qayğısının nəticəsidir: «Bütün bunlar gənclərimizin Vətənə layiqli övlad kimi formalaşması naminə həyata keçirilir».
Daxili Qoşunlarda övladları üçün yaradılmış hərtərəfli şəraitə görə əsgər valideynləri dövlət başçısına, həmçinin DİN-in rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüşdən sonra Daxili Qoşunlar komandanı əsgər valideynlərini fərdi qaydada da qəbul edərək, onların arzu və istəklərinin yerinə yetirilməsi istiqamətində konkret göstərişlər verib. İcrası mümkün olan məsələlər isə yerindəcə həllini tapıb.