Tanınmış hüquqşünas Aslan İsmayılov türk məktəblərinin müdafiəsi ilə bağlı məqalə ilə çıxış edib. Moderator.az həmin yazını oxucuların diqqətinə çatdırır:
“Nurçularla bağlı Türkiyədə və Azərbaycanda başlanmış kampaniya sovet hakimiyyəti dövrü aparılan kampaniyaya çox bənzəyir. Sadəcə, sovet dövrü həkimlərə, ziyalılara və digər qruplara qarşı aparılan kampaniyada ittiham dəqiq məlum idi. Onlar hamısı Sovet hakimiyyəti əleyhinə təbliğatda ittiham olunurdular. Bu günki nurçuların ittihamı isə mənə bəlli deyil. Bu cür kampaniya isə sovet dövrü aparılan kampaniyadan daha təhlükəlidir. Dəhşətlisi də odur ki, ölkənin siyasi, ictimai şəxsləri, Vəfa müəllimdən başqa, bu məsələdə konkret mövqe bildirmirlər. Türkiyəni özümə ikinci Vətən saydığımı, məni tanıyanlar bilirlər. R.T.Ərdoğanın da Türkiyə üçün gördüyü böyük işləri dəyərləndirirəm. Bu gün topa tutduğu "camaat"ın istintaqçıları vasitəsilə Türkiyə ordusunu çıxdaş edən R.T.Ərdoğan deyildimi? R.T.Ərdoğan başda olmaqla bütün hakimiyyətin eyhamlı ittihamları konkret nədən ibarətdir? Aylardır "camaat"dan danışsalar da günahları nədir, hələ də heç kimi başa salmayıblar. Əgər onların günahı, qanunsuz dinləmələrdirsə pozulmuş qanuni tətbiq etməklə onları cəzalandırın. Ancaq bununla birlikdə onların "qanunsuz" dinləmələr nəticəsində aşkar olunan korrupsiya faktlarında ifşa olunanları da cəzalandırın. Yox, onlar vətənə xəyanət edib, xarici dövlətlərin maraqlarına xidmət ediblərsə bunun da nədə ifadə olunduğunu dəqiq göstərin.
Heç bir dini təriqətləri, cərəyanları bəyənməmişəm, nurçuluqla da heç bir əlaqəm yoxdur. Adı nurçuluqda hallanan şəxsləri, Elnur Aslanovdan başqa tanımamışam. Elnur Aslanovla da, şöbə müdiri olana qədər, tədbirlərdə görüşəndə salamlaşmışıq. Müdir olandan sonra o da əsl məmur oldu və salam belə verməkdən imtina etdi. "İrəli" təşkilatını da çoxsaylı yazılarımda Sovet komsomolunun pis variantı adlandırmışam. Fətullah Gülənin təkbaşına bir dövlətə bərabər qurumun yaratmasına inanmıram. Fətullah Gülənə sığınacaq vermiş ABŞ-ın bu işlərdə ona yardımçı olmasına şübhə etmirəm. Ancaq ABŞ bundan necə yararlanır, bu Türkiyənin dövlət maraqlarına hansı ziyanı vurur bunlar açıqlanmalıdır.
Bununla belə bu gün adları nurçular kimi çəkilənlərə qarşı aparılan kampaniyanı haqsızlıq kimi dəyərləndirirəm. Ölkədə ən qabaqcıl təhsil ocaqlarını nurçuluq adı ilə niyə gözdən salırlar? Axı göstəricilər hamı üçün bəllidir. O təhsil ocaqlarından yaxşısını yaradın, sonra bunları qaralayın. Məhz Fətullah Gülən adı ilə bağlı məktəblərin Avropadan tutmuş Afrikaya qədər türk dilinin, islam dinin təbliğini əvəzləyəcək bir qurum varmı? Fətullah Gülən adı ilə gənclər niyə vəzifədən kənarlaşdırıldılar, sabah öz şəxsi maraqları üçün bu amildən istifadə edib bir çox, bəzən dəyərli olan şəxsləri, çıxdaş etməyəcəklərmi? Ən əsası hüquqi dövlət adlandırılan bir məmləkətdə insanları baxışlarına görə təqib etmək olarmı? Niyə ölkədə tozanaq qoparmış təbliğat kampaniyasında konkret ittihamlar varsa, sadalanmır? Bütün suallar cavablandırılmalıdır. Əminəm ki, bu gün gedən proseslər təhlükəlidir və qarşısı alınmalıdır”.