Son vaxtlar Azərbaycanda saxta əskinasların hazırlanması və dövriyyəyə buraxılması ilə bağlı faktların sayı artmaqdadır. Əlaqədar qurumların verdiyi məlumata görə, təkcə 2013-cü ildə bu qəbildən olan 12 fakt aşkarlanıb ki, bu da vətəndaşların, xüsusilə də gənc nəslin saxta əskinas hazırlığına ciddi maraq göstərdiyini təsdiqləyir. Bəzi ekspertlər isə hesab edir ki, son zamanlar saxta əskinazların dövriyyəyə buraxılması hallarının çoxalması ölkədə sosial-iqtisadi durumun daha da ağırlaşması ilə əlaqədardır.
Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Namizəd Səfərov isə hesab edir ki, bu tip cinayətlərdə sosial-maddi vəziyyət mühüm rol oynasa da, bütövlükdə vəziyyət o qədər də kritik deyil:
“Təbii ki, cinayətlərin törədilməsində sosial-maddi amillər mühüm rol oynayır. Saxta pulların dövriyyəyə buraxılması cinayəti də bu amillə əlaqədardır. Bəzi vətəndaşlar əmək sərf edib pul qazanmaqdansa, həmin pulu özləri istehsal etmək təşəbbüsü ilə çıxış edir. Lakin hesab edirəm ki, bu, Azərbaycanda o qədər də geniş yayılmış cinayətlərdən deyil. Bu cür cinayətlərin sayı barmaqla sayılacaq qədərdir. Xüsusilə də hələ rast gəlməmişəm ki, Azərbaycanda külli miqdarda iri əskinazların qanunsuz hazırlanması və dövriyyəyə buraxılması hadisəsi baş versin. Polis əməkdaşları tərəfindən bu cür olayların aşkarlanması və qarşısının alınması isə təbii ki, təqdirəlayiqdir”.
Seymur Əliyev