Gürcüstanın keçmiş parlament sədri Nino Burcanadze eks- prezident Mixail Saakaşvilini yenidən ölkəni qarışdırmaqda və hakimiyyəti ələ keçirməyə çalışmaqda ittiham edib. O Ukrayna xalqına da səslənərək hakimiyyətdə olduğu dönəmdə öz xalqına çoxsaylı problemlər yaşadan bir naşı siyasi liderin onlara da oxşar aqibəti yaşada biləcəyini bildirib...
Maraqlıdır, doğrudanmı Mixail Saakaşvili yenidən prezidentlik və ya baş nazirlik iddiasındadır, yoxsa Nino Burcanadzeni Rusiya bu cür danışmağa vadar edir?
Fikirlərini Moderator.az-a bölüşən tanınmış siyasi analitik Mirzə Xəzər hesab edir ki, Mişanın artıq dönəmi arxada qalıb və onu “siyasi meyit” adlandırmaq olar:
“Mixail Saakaşvili Gürcüstanda bir sıra islahatlar həyata keçirtməklə xalqın rəğbətini qazanmışdı. Lakin xarici siyasətdə, xüsusilə, Rusiya ilə münasibətlərdə düşünülməmiş addımlar atması və kobud səhvlərə yol verməsi Gürcüstana baha başa gəldi. Gürcü xalqı bunu unutmur. Saakaşvili özünün macərapərəst naşılığı nəticəsində öz siyasi məsləyinə son qoydu. Saakaşvilinin siyasi cəhətdən kitabı bağlanıb və onu “siyasi meyit” adlandırmaq doğru olardı. Saakaşvili hal-hazırda Gürcüstan xaricindədir. Gürcüstana qayıtmaq niyyətində olmadığı aşkardır. Belə bir şəxsin təzədən Gürcüstana qayıdaraq hakimiyyətə yiyələnməsi tamamilə qeyri-mümkündür. Rus tankları Gürcüstan ərazisinə girəndə Saakaşvilinin qorxu içində çabaladığını televiziya ekranlarında gürcülərlə yanaşı əcnəbilər də görüblər. Hələ onun CNN ekranında qalstukunu çeynəməsi heç vaxt unudulmaz. İflas etmiş bir siyasətçini Qərb də himayə etməz, gürcü xalqı da."