Amma Rəsul Quliyev Moderator.az-a növbəti açıqlamasında Arif
Hacılını “kənd müxbiri” adlandıraraq bu çevrilişdən xəbəri olmadığını, olsaydı,
onun qarşısını almaq iqtidarında olduğunu bildirib:
“Azərbaycanın tanınmış
müxbiri yazısı ilə bir daha kənd müxbiri səviyyəsindən heç vaxt yüksəyə
qalxa bilməyəcəyini sübut etdi. Kənd müxbiri indiyə qədər Rusiya və İranın kəşfiyyat
agentlərinin tək 1993-cü ildə yox, həmişə Azərbaycanda olduğunu 21 ildən
sonrada anlaya bilməyib. O hələ də bilmir ki, bu gün Azərbaycanda olan rus və
İran agentlərinin sayı 1993-cü illə müqayisədə azı 10 dəfə artıb. O hələ də
anlamır ki, 2013-cü ildə Rusiyanın istifadə edə biləcəyi azərbaycanlılar
1993-cü ildə onları qaçıb pərən-pərən olmağa məcbur edən S.Hüseynovdan yüz dəfə
varlı və bir o qədər də ağıllı idi. Ancaq höküməti yıxa bilmədi. Çünki 1993-cü
ildə Xalq Cəbhəsi hökümətinə xalqın inamı, hörməti və ehtiyat etməsi bu gündən
fərqli olaraq sıfırdan aşağı idi. Bu gün Azərbaycanda höküməti dəstəkləyənlərin
sayı 100 minə yaxındır. Əgər həmin 1993-cü ildə o höküməti dəstəkləyənlərin
sayı 5 minə çatsa idi, Hüseynov heç bir şey edə bilməzdi. Müxbir o dövrdə faktiki olaraq Prezident
Aparatında 3-cü adam postunda idi. Mümkündür bir neçə rus və İran agentlərinin
adını sadalasın. Mümkündür özünün heç olmazsa bir agenti zərərsizləşdirdiyini
misal göstərsin”¦
Kənd müxbirinin “xəyanət” sözünün mənasının nə
olduğunu bilməməsi də təəccüblü deyil. Xəyanət kimisə üzünə tərifləyərək onu dəstəklədiyini
canfəşanlıqla elan etmək, ancaq fürsət düşən kimi arxadan bıçaq vurmaq ola bilər.
Məsələ ondadır ki, mən heç vaxt sizin rejimi tərifləməmişəm, heç kimdən mənim vəzifəyə
gətirilməyimi xahiş etməmişəm, sizinlə işlədiyim 10 gün ərzində həm prezidentə,
həm də baş nazirə aparılan siyasətin onları uçuruma apardığını birbaşa üzlərinə
demişəm, onlara verdiyim bütün sözlərə əməl etmişəm. 4 iyun çevrilişindən heç xəbərim
olmayıb. İndi də qeyd edirəm, əgər sizlər əlinizdən gələ bilməyəcək işi mənə həvalə
etsəydiniz, gizli saxlamasaydınız o çevrilişin qarşısını alardım, Əbülfəz bəy də
prezidentliyini axıra qədər edərdi.
H. Əliyevlə əlaqədar da eyni pozisiyada
olmuşam.1995-ci ilin ortalarından mütəmadi onun siyasətinin əleyhinə çıxışlar
edirdim. Onun arxasınca müəyyən işlər görmək istəsəydim edə bilərdim, ancaq mərdi
mərdanə mübarizəyə üstünlük verdim. Bu hərəkətlərin adı xəyanət deyil, kənd
müxbiri, siz gec də olsa dil savadınızı artırmağa cəhd etməlisiniz. Bir daha əgər
siz və sizə bənzər birisinin Müsavat Partiyasının başına gəlməsi o partiyanın məhvi
deməkdir. Sizdə düz danışmaq fermenti
sadəcə olaraq yoxdur. Partiyanın başqanı olub onu məhv edəndən sonra günahı
başqalarının üzərinə yıxacaqsınız, xəyanət sözünü saga-sola paylayacaqsınız.
Sonda özünü
qəhrəman kimi təqdim etməyə çalışan müxbirin nəzərinə çatdırmaq istəyirəm ki, xəyanətkar
statusuna
-Elçibəy Kələkiyə
gedən kimi qaçıb gizlənmək, pariklə gəzmək
-1998-ci
ildə Elçibəyin üzünə "bəy" deyib ancaq arxadan onun əleyhinə namərdcəsinə
işləmək
-Hökümət üzvləri ilə birlikdə Avropa Şurasına Azərbaycanda
insan hüquqlarının yüksək səviyyədə olmasıyla bağlı məktuba imza atmaq kimi
insanın həyatında atdığı addımlar aid oluna bilər. Bu yazdıqlarımı genişləndirmək
çox asandır."