“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Türk Dünyası Hizmət Ödülü” alıb. Moderator.az xəbər verir ki, mükafatlandırma mərasimi 13 iyun 2014 tarixində “İstanbul Gönen” otelində baş tutub. Tədbirdə Türkiyə Cumhuriyyətinin rəsmi nümayəndələri ilə yanaşı ABŞ, Rusiya, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rumıniya, Kosovo, Moldova, Qaqauziya, Hollandiya, İspaniya və digər ölkələrdən önəmli isimlər iştirak edirdi.
Zəlimxan Məmmədli bu ödülə Borçalı türklərinin və türk dünyasının birliyi üçün göstərdiyi fəaliyyətə görə təltif edilib. Ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov türk dünyası qarşısında səmərəli xidmətlərinə görə “Türk Dünyası Hizmət Ödülü”nə, Azərbaycan-Amerika Alyansının rəhbəri Anar Məmmədov Amerikada Azərbaycan mədəniyyətinin tanınması, Qarabağ və Xocalı məsələsinin gündəmə gətirilməsi, bu mövzuda lobbiçilik üzrə göstərdiyi fəaliyyətə görə “İlin sivil toplum quruluşu ödülü”nə layiq görülüblər. Daha bir Azərbaycanlı iş adamı İlham Rəhimov da Rusiya Azərbaycan əlaqələrinin inkişafındakı xidmətlərinə görə xüsusi ödülə layiq görülüb.
Zəlimxan Məmmədliyə mükafatı İstanbul Ticarət Odası yetkilisi, tanınmış iş və siyasət adamı Öztürk Oran təqdim etmişdir.
Zəlimxan Məmmədli tədbirdə çıxış etmişdir: - ” Dəyrli dostlar, xanımlar və bəylər.
Biz bu yola, məllətimizin, dövlətlərimizin rifahı naminə mübarizə yoluna heç kimdən təmənna güdmədən, könül verərək çıxdıq. Millətimizin xidmətində durmağı şərəf borcumuz bildik! Borcumuz olduğu üçün təşəkkür ummadıq. Bu yol zehniyyətimizdə tarixi Borçalı sərhədlərini aşaraq bizlərə Azərbaycan, Türkiyə, Turan sevdası verdi. Bəlli oldu ki, bizim vətənimiz yalnız Gürcüstan, Borçalı və Azərbaycan deyilmiş. Həm də vətənimiz Türkiyə Cümhuriyyəti, Qazaxstan, Türkmənistan, Qırğızıstan, həm də Quzey Kibrıs, doğu Türküstan, Krım, Qaqauz, Başqırtıstan, Kərkük imiş. Millətimiz isə 9 milyon deyil, 270 milyon imiş. Bu gün Türkiyə Cümhuriyyəti, onun vətəndaşı, sivil toplum quruluşu Borçalı türklərinin dəryada damla olan fəaliyyətinə qiymət verir. Bu gün həm də dövlətlər yaxınlaşır.
Biz Borçalı Türklərini Gürcüstan ərazisində aborigen toplum olaraq görməklə, həmdə Türk dünyasının mənən ayrılmaz bir hissəsi sayırıq. Borçalı Türkləri Azərbaycan-Gürcüstan ”“Türkiyə arası sağlam mənəvi körpüdür. Bu gün həm də körpü-dostluq və qardaşlıq körpüsü möhkəmlənir.
Körpü tikmək , onu möhkəmləndirmək imandandır. Bu gün bu iman körpüsünü möhkəmləndirdiyi üçün Beynəlxalq “İpək Yolu” dərgisinə, onun çox dəyərli və fədəkar qurucusu və yönəldəni, Türk dünyasının birliyi və bərabərliyi üçün qeyrət göstərən Seyfullah Türksoy bəyəfəndimizə öz adımdan, buraya təşrif buyuran dostlarım adından, Borçalı türkləri adından təşəkkür edirəm. Bu ödül şəxsimin, Borçalı Türklərinin üzərinə ağır bir yük qoyur bə bizi Türk dünyası qarşısında məsuliyyətə dəvət edir. Söz veririk! Allahın izni və Türk dünyasının kölgəsi ilə bu yolu zəfərə qədər sürdürəcəyik. Bir daha təşəkkürlər. Yaşasın Türk dünyası, örnək olan Türkiyə, yaşasın Türkiyə- Azərbaycan - Gürcüstan dostluğu. Tanrı Sizləri, Tanrı türkü qorusun!”
Tədbir vaxtı Zəlimxan Məmmədli Türkiyə Cumhuriyyətinin bir sıra nüfuzlu telekanallarına müsahibələr verib, ayrı ayrı dövlətlərdən olan nümayəndələr və sivil toplum təşkilatı rəhbərləri nilə işgüzar görüşlər keçirmişdir.
Təltif olunanlar arasında həmçinin, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Mövlud Çavuşoğlu, Türkiyənin meşə və su təsərrüfatı naziri, professor Veysəl Eroğlu, Türkiyənin Ədalət və İnkişaf Partiyasının baş katibi Haluk İpək, axıska türklərinin Amerika Birlik Cəmiyyətinin sədri İslam Şahbəndərov, TRT təmsilçisi Cevdət Karakaş,İş adamı İsmayıl Dəmirdüzən, Qaqauz muxtar vilayətinin rəhbəri Mixail Formuzal, Azərbaycan Türkiyə İş adamları Birliyinin rəhbəri Camal Yanğın, Qazaxstan və Özbəkistanın Türkiyədəki səfirləri Canseyit Tüymabayev və Əbrar Qulamov və digər nüfuzlu şəxslərin də adları vardır.