Son günlər bəzi mətbu orqanlarda tanınmış hüquqşünas Aslan İsmayılovun ötən ilin 25 may tarixində öldürülən cərrah Cavid Həmişəyevin qətlinin sifariçisi olduğu ilə bağlı məlumatlar yer almaqdadır. C.Həmişəyevin atası tərəfindən məhkəmə zamanı səsləndiilən və bundan qısa müddət sonra mediaya yol tapan bu xəbər, ölkənin tanınmış ictimai-siyasi xadimləri, hüquqşünasları tərəfindən ciddi qınaq və etiraza səbəb olub. A.İsmayılovla bağlı irəli sürülən bu ittihamın əsassız olduğuna şübhə etmədiklərini bildirən tanınmışlar, baş verənlərin ictimai rəyi çaşdırmaq məqsədi daşıdığı qənaətindədir.
Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Müzəffər Baxışov da A.İsmayılovla bağlı irəli sürülən ittihamın doğruluğuna inanmadığını vurğuladı:
“Doğrusu, A.İsmayılovun hansısa qətlin sifarişçisi qismində ittiham olunması ilə bağlı məlumata rast gəlməmişəm. Amma inanmıram ki, A.İsmayılov kiminsə qətlini sifariş versin və ya kiminsə qətlinin arxasında dayansın. Heç vaxt buna inanmaram. Bu, sadəcə təxribat ola bilər. Ümumiyyətlə, A.İsmayılov Azərbaycan cəmiyyətində öz fikirlərini açıq şəkildə bildirən şəxslərdən biridir. Onu Azərbaycanda demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizə aparan bir şəxs kimi tanıyıram. Onun adını hansısa qətli sifariş verməkdə hallandırmaq çox ciddi bir ittihamdır. Bu ittihamı irəli sürən şəxslərin əlində kifayət qədər sübutlar olmalıdır. Rəsmi ittiham irəli sürülsəydi belə, bu ittiham da hüquq-mühafizə orqanları tərəfindən sübut olunmalı idi. Lakin bizim cəmiyyətdə elədir ki, istənilən şəxsə istənilən böhtanı atmaq mümkündür. Düşünürəm ki, bu, böhtandır”.
Seymur Əliyev