Moderator.az vasitəsi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edən Zaqatala rayonunun Muxax kəndi sakini, şəhid anası Qədirova Nəzmiyyət Süleyman qızı mənzil pronlemi ilə bağlı şikayətini dilə gətirib:
“Mən
şəhid anasıyam, haqsızlıqla üzləşmişəm. Belə ki, 7 may 2012-ci il tarixdə baş
vermiş məlum zəlzələ nəticəsində bizə məxsus 150 kv.m sahəsi olan evimiz qəzalı
olduğundan 90 kv.m sahəsi olan yeni mənzil tikilib istifadəmizə verildi. Ailə
üzvlərimizin sayı altıdır.Yeni evin kiçik tikilməsini qanunsuzluq kimi qəbul
edirəm. Bu, şəhid ruhuna hörmətsizlikdir. Necə olur ki, kəndin digər sakinlərinə
əvvəlki ölçüdə, hətta əvvəlkindən də böyük mənzillər inşa edilib istifadəyə
verilir, şəhid ailəsinin evi birdən-birə 50 kv.m azaldılır? Bu qanunsuzluqdan
savayı həm də şəhid ruhuna təhqirdir. Qeyd edim ki, oğlum Nazim Qədirov Fizuli
rayonu ərazisində Çaldıran, Drambon, Qalayçılar, Gülyataq, Boyəhmədli, Papravənd,
Salahlı kəndləri, Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak edib.
22.12.1993-cü il tarixdə Mahmudlu kəndində gedən döyüşlərdə həlak olub. Nazimin
cəsədi evə gətirilən zaman böyük qardaşı Hacıyov sstresdən
ruhi-əsəb xəstəliyinə düçar olmuş, bu səbəbdən dünyasını dəyişmişdir. Onun
böyük övladı Əhməd iflicdir, yeriyə bilmir, I qrup əlildir. Ortancıl
oğluna şəhid əmisi Nazimin adını qoymuşuq. Nazim hazırda cəbhə bölgəsində yerləşən
hərbi hissədə həqiqi hərbi xidmət keçir. Şəhid əmisinin adını uca tutur, vətənə
sadiqlik nümayiş etdirir. Maddi durumumuz çox ağırdır, 6 nəfərlik ailəmiz mənim
təqaüdümün ümüdünə qalıb. Acınacaqlı, yoxsul vəziyyətdə yaşayırıq. Ünvanlı
sosial yardım da vermirlər. Rayon rəhbərliyi ərizələrimizə baxmır. Şəhid oğlum
Nazimin adını daşıyan Zəyəm kənd kitabxanası uçub dağılıb ki, onu da tikmirlər.
Mən evimizin əvvəlki ölçüdən 50 kv.m kiçik ölçüdə inşa edilməsi barədə fövqəladə
hallar naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etmişdim. Cavab
verildi ki, gəlib baxış keçirəcəyik. Ancaq hələ ki, gəlməyiblər.İnanıram ki, Kəmaləddin
müəllim müraciətimi nəzərə alacaq. Onun şəhid ailələrinə xüsusi diqqət göstərdiyini
eşitmişəm. Yəqin ki, gedən ərizələri özü oxumur, ona görə tədbir görülməyib. Mən
mətbuat vasitəsi ilə hörmətli nazir Kəmaləddin Heydərova müraciət
edib şəhid anası kimi xahiş edirəm müraciətimizi nəzərə alıb bizə kömək
edin .Qeyd etdiklərimi gəlib görə bilərsiniz”.