Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov Moderator.az-a müsahibə verib.
-Nizami müəllim, son günlərdə yas və toy mərasimlərindəki
israfçılıq cəmiyyətdə müzakirə oluanan ən aktual məsələlərdəndir. Sizin
bir ziyalı, millət vəkili və komitə rəhbəri kimi bu məsələlərə mövqeyinizi bilmək
istərdik?
-Bu müzakirələrin getməyi çox yaxşıdır. Artıq
kifayət qədər sağlam cəmiyyətimiz var və bu cəmiyyət də cəmiyyətdəki problemləri
müzakirə edir. Hesab edirəm ki, bu problemlərin həlli ilə bağlı ortaq
məxrəcə gəlmək üçün kifayət qədər imkanlar da var. Fikrimcə toy və yas mərasimlərindəki
istər yemək, istərsə
də musiqi problemləri aradan qaldırılmalıdır. Xüsusilə də yas yerləri ilə bağlı
aparılan müzakirələr daha əhəmiyyətlidir. Çünki elə etmək lazımdır ki, burada
kasıbla varlı arasındakı təbəqələşmə yaranmasın və bu hiss olunmasın. Ona görə
də yas yerlərindəki yemək israfçılığına ciddi nəzarət etmək lazımdır. Mən hesab
edirəm ki, yas yerlərindəki ehsan bir stəkan çay səviyyəsinədək endirilməlidir.
Əgər rəhmətə
gedənin özü və yaxud ailə üzvləri imkanlıdırsa və onlar dünyasını dəyişənin
xatirəsini əbədiləşdirnmək istəyirlərsə, o zaman cəmiyyət üçün daha əhəmiyyətli
ictimai iş görə bilərlər. Bu yolla da həm dünyasını dəyişənin xatirəsi əbədiləşər,
həm də bu cəmiyyət üçün daha xeyirli ola bilər.
-Yas mərasimlərindəki bu qadağalar cəmiyyət tərəfindən
heç də birmənalı qarşılanmır. Bir çoxları hesab edir ki, bu Azərbaycan
mentalitetinə və qonaq qarşılamasına uyğun deyil. Yəni
bunu qonağı ac yola salmaq və özünü təhqir olunmuş kimi anlamında hiss edir.
Yas mərasimlərinin təmtəraqlı olamasa da bir az sadələşdirlməsini təklif edirlər .Bu yanaşmaya mövqeyiniz necədir?
-Mən
bu yanaşmanı qəbul etmirəm. Hər halda hüzr məclisinə gedən bilir ki, o hara gedir. Ora gedən şəxs
yemək-içməyə getmir. O dünyasını dəyişənin ruhu qarşısındakı borcunu verməyə və
onun yaxınlarına mənəvi dəstək olmağa gedir. Elə yas mərasiminə getməyin savabı
da bundadır. Bu baxımdan qaydalar tətbiq olunacaqsa, yas mərasiminə gedən də
biləcək ki, o məclisə yemək-içməyə yox, dünyasını dəyişənin ruhunu yad etməyə
gedir. Daha o adam yeməyə başqa yer tapmadı ki, gedib yas mərasimində yemək
yesin.
- Bəs toy mərasimlərindəki israfçılıq barədə nə
deyə bilərsiniz?
-Toylarımızda
da əsasən iki narazıçılıq mövcuddur. Biri yeməklə, ikincisi isə musiqi səsinin
yüksəkliyi ilə bağlıdır. Şadlıq evlərində texniki vasitələrədən istifadə edib səsin
gücləndirilməsi yolverilməzdir. Əksər hallarda isə müğənnilər toyda canlı
oxumaq əvəzinə disklərini qoyub sözün hərfi mənasında artistlik etməklə məşğuldurlar.
Belə olmaz axı. Hər şeydən öncə özünə və camaata hörmət etmək lazımdır. Bu mənəvi
baxımdan müğənni üçün qəbul edilməz haldır. Bu yolla da onalr gündə bir neçə
toyda olurlar. Mən bunu qəbul etmirəm.
-Bu
proseslərin qanunlarla tənzimlənməsi nə dərəcədə düzgündür?
-Mənə elə gəlir ki, bu işlər qanunla deyil,
icra orqanlarının sərəncamı və nəzarəti ilə həyata keçirilməlidir. Əslində toy
mərasimləri ilə bağlı xüsusi bir sərəncam var ki, məclislərdə musiqin aksitik
qaydalara uyğun olmalıdır və bunun da qaydaları elan olunub. Sadəcə icra
orqanları bu qaydaların riayət olunmasını tələb etməlidir. Yoxsa ayrıca qanunla
bunların tənzimlənməsinə ehtiyac yoxdur. Burada daha çox təbliğat, ictimai
müzakirələr və bir də icra orqanlarının nəzarəti mühüm rol oynaya bilər.