Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun NATO ölkələrindən birinə 100 pilotsuz təyyarəninn satılacağı ilə bağlı verdiyi açıqlama ciddi marağa səbəb olub. Bununla bağlı Moderator.az-a açıqlama verən “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov yaxın gələcəkdə Azərbaycan hərbi sənaye məhsullarına olan marağın daha da artacağını vurğuladı:
“Əvvala
ondan başlamaq istərdim ki, üç gün davam edəcək bu tədbirin çox böyük siyasi və
hərbi əhəmiyyəti vardır. İlk olaraq onu qeyd edim ki, Azərbaycan Cənubi Qafqazda ilk
dəfə belə bir mühüm tədbirə ev sahibliyi edir və Beynəlxalq "Müdafiə sənayesi”
sərgisi "ADEX 2014”- tarixə ölkəmizin adı ilə düşəcək. İkincisi, bu sərgi
çərçivəsində bağlanacaq müqavilə və sazişlərdə məhz onun Bakıda keçirilən sərgi
ilə bağlılığı mütləq göstəriləcək. Bunun çox böyük önəmi bir də ondan ibarətdir
ki, Azərbaycan öz hərbi sənaye kompleksinin imkanlarını tam şəkildə göstərmək
şansı əldə edib. Elə Azərbaycanın NATO ölkələrindən birinə 100 pilotsuz təyyarə
satması və digər məqamlar da söylədiklərimizə bir növ sübutdur. Siz bilirsiniz
ki, hal-hazırda dünyanın bir çox nöqtələrində NATO ölkələrinin Silahlı Qüvvələri
müxtəlif döyüş əməliyyatlarına cəlb olunublar. Bu tapşırıqların yerinə yetirilməsi
üçün onlara çoxlu sayda silah və sursatın əldə edilməsi zərurəti yaranır. Həmin
pilotsuz təyyarələrin də alyans ölkələri üçün misilsiz əhəmiyyəti olduğundan, həmçinin
Azərbaycan hərbi sənayesinin buraxdığı məhsulların həm keyfiyyəti, həm də təklif
edilən şərtlər daha cəlbedici olduğuna görə, belə bir qərar qəbul edilmişdir. O ki qaldı, bizim hərbi
təyinatlı məhsullarımıza maraq göstərilməsinə, hesab edirəm ki, bu proses yaxın
illərdə bir az da sürətlənəcək. Yaxın Şərq və Orta Asiya ilə bağlı NATO-nun həyata
keçirdiyi və hələ qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan
istehsalı olan təkcə pilotsuz təyyarələr deyil, eyni zamanda digər məhsullara-aviabombalara,
artilleriya mərmilərinə, atıcı silahlar üçün sursatlara və digərlərinə böyük
ehtiyac olacaqdır. Məhz yerləşmə baxımından, həm də əlverişli qiymətlər təklif
edildiyindən o hərbi təyinatlı məhsullara maraq daha da artacaq”.
Seymur
Əliyev