Sabahdan Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin irimiqyaslı hərbi təlimlərə başlamasını "Hərbi Jurnalistlər" İctimai Birliyinin rəhbəri, polkovnik-leytenant Üzeyir Cəfərov yüksək qiymətləndirir və özünün də həmin təlimlərdə iştirak etmək arzusunu Moderator.az vasitəsilə dilə gətirir:
"Sentyabrın 13-dən 20-dək keçiriləcək Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərinin dərin mənaları var. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bütün qoşun növlərinin, o cümlədən Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin cəlb olunması ilə mərhələli surətdə irimiqyaslı əməliyyat-taktiki təlimlər start götürür. Bu təlim bundan əvvəl keçirilmiş anoloji hərbi təlimlərdən bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əvvala, ilk dəfədir ki, MN belə mühüm bir hərbi hazırlıq prosesinə 30.000 nəfərədək şəxsi heyət cəlb edir. Xatırladım ki, bundan əvvəl belə bir tədbir bu il Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində keçirilmişdi və onda orada 20 min şəxsi heyət iştrak edirdi. Bu dəfə isə on min nəfər əsgər və zabitlərdən əlavə 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək təyyarəsi və 15 helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə qoşunların hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket briqadaları cəlb edilib. Bu tədbirin ən diqqətçəkən özəlliklərindən biri də təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatdan 10.000 nəfərədək hərbi vəzifəlinin, mülki həyatdan dövlət və özəl təşkilatlardan texnikanın təlim toplanışına cəlb edilməsidir. Döyüş hazırlığı çərçivəsində onlarla silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Ötən təlimlərdə ehtiyatdan çağırılanların sayı 3 min nəfər idi. Bu dəfə isə faktiki olaraq 3 dəfədən çox şəxsi heyət təlimlərə cəlb edilib.
Bu çox yaxşı haldır. Müharibə şəraitində olan
ölkə üçün belə təlimlərin əhəmiyyəti çox böyükdür. Şəxsən mən özüm də böyük məmnuniyyətlə
belə təlimlərdə iştirak etmək istərdim.
Və belə təlimlərdə ehtiyatda olan bütün hərbçilər
öz bilik və bacarıqlarını artırmaq üçün gözəl imkanlar əldə edə bilərlər.
NATO-nun aparıcı güc sahiblərindən biri olan qardaş və dost Türkiyə Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin geniş tərkibdə bu təlimlərə cəlb olunması, onların ayrı-ayrı mərhələlərdə irimiqyaslı əməliyyat-taktiki təlimlərdə öz planlarına uyğun olaraq bizim SQ-in nümayəndələri ilə bərabər iştrakı da çox önəmli bir haldır. Bunun həm siyasi, həm də hərbi anlamda çox dərin mənaları var. Bizi istəməyən, diş qıcayan qüvvələrə də böyük bir mesajdır.
Bildiyim qədər bu tipli təlimlərin hələ bir neçəsi həm bu ilə, həm də gələn ilin əvvələrinə də planlaşdırlıb. Bizim gürcü dostlarımızın da gələcək təlimlərdə iştrakı da yaxın zaman söhbətidir.”